Dünya
Ağ Evin kibertəhlükəsizliyi milli kəşfiyyatın rəhbərinə tapşırıldı
ABŞ-nin Milli Kəşfiyyat İdarəsinin direktoru Cey Kleyton Ağ Evin Kibertəhlükəsizlik İdarəsinə müvəqqəti olaraq rəhbərlik edəcək. Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məqaləsində qeyd olunur ki, milli kəşfiyyat rəhbəri həm də kibertəhlükəsizlik üzrə direktorun vəzifələrini müvəqqəti icra edəcək. Kleyton bu vəzifəni ABŞ Senatı tərəfindən kibertəhlükəsizlik üzrə direktor postuna Kirsten Davisin namizədliyi təsdiqlənənə qədər daşıyacaq. Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp həmin vəzifəyə onun namizədliyini rəsmən irəli sürüb. Noyabrın 20-də "Axios" nəşri kibertəhlükəsizlik qurumunun rəhbəri Şon Kernkrossun vəzifəsindən getdiyi barədə məlumat dərc etmişdi. Nəşrin bildirdiyinə görə, Kernkross postunu öz xahişi ilə tərk edir və bu qərar ABŞ prezidentinin administrasiyası ilə hər hansı fikir ayrılığından qaynaqlanmır. Portalın məlumatına əsasən, məmur məhz indi istefa verir ki, Konqresə nəzarətin demokratların əlinə keçəcəyi yanvarınb 3-nə qədər ABŞ Senatı onun yerinə yeni namizədi təsdiqləməyə vaxt tapsın. Bu kadr dəyişikliyi ABŞ-də baş verən bir sıra genişmiqyaslı texniki nasazlıqlardan sonra gerçəkləşib. Həmin problemlər poçt xidmətlərinə, hava hərəkətinin idarə edilməsinə və Milli Təhlükəsizlik Agentliyinin daxili rabitə şəbəkəsinə mənfi təsir göstərmişdi. Bununla belə, Tramp hadisələrin bir-biri ilə əlaqəli olmadığını bildirərək, onları sistemlərin yenilənməsi zamanı yaranan problemlərlə əlaqələndirib.
Mənbə
oxu.az