Heqset impiçmentindən danışdı: Siyasi tamaşa...
ABŞ müdafiə naziri Pit Heqset respublikaçı konqresmen Tomas Massinin onun barəsində impiçment proseduruna başlamaq cəhdlərinə münasibət bildirib.
Axar.az xəbər verir ki, o, bu barədə noyabrın 10-da Pentaqonda keçirilən mətbuat konfransında danışıb.
Heqset Massinin təşəbbüsünü siyasi şou adlandırıb:
“Bir narazı və məğlub olmuş konqresmenin etməyə çalışdığı bu addım nə nəzarətdir, nə də hesabatlılıq. Bu, şəxsi ambisiyalar və inciklikdən qaynaqlanan siyasi tamaşadır”.
O, İranla müharibə də daxil olmaqla, həyata keçirdiyi bütün hərbi əməliyyatların qanuni olduğunu və Prezident Donald Tramp tərəfindən təsdiqləndiyini vurğulayıb. Heqset bu addımların ağır cinayətlərdə və ya dövlətə xəyanətdə ittiham olunması üçün əsas yarada bilməyəcəyini qeyd edib.
Pentaqon rəhbərinin fikrincə, Massi onu siyasi fikir ayrılıqlarına görə vəzifəsindən uzaqlaşdırmağa çalışır.
Qeyd edək ki, noyabrın 9-da respublikaçı konqresmen Tomas Massi ABŞ Nümayəndələr Palatasına hərbi nazir Pit Heqsetlə bağlı impiçment prosedurunun başlanmasını nəzərdə tutan qətnamə təqdim edib.