Siyasət
Qara dənizin dibindən elektrik kabeli çəkilə bilər: Azərbaycan və Türkiyə danışıqlarda iştirak edir
"Biz Azərbaycan, Gürcüstan, Bolqarıstan və Rumıniya ilə Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsini müzakirə edirik". Oxu.Az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Antalyada COP31 çərçivəsində jurnalistlərə açıqlamasında deyib. "Şərqdən qərbə, şimaldan cənuba daha çox elektrik enerjisi ötürməliyik. Türkiyə həmçinin elektrik şəbəkələrini birləşdirən xətlərin ötürmə gücünü 5,4 giqavatdan 15 giqavata çatdırmağı hədəfləyir", - deyə nazir bildirib. Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında imzalanan təmiz enerji sahəsində strateji tərəfdaşlığa dair hökumətlərarası sazişdən danışan Bayraktar qonşu ölkələrlə əlaqələri inkişaf etdirmək üçün səylərin davam etdiriləcəyini vurğulayıb. Nazir yeni enerji layihələri ilə bağlı müxtəlif ölkələrlə danışıqlar apardıqlarını da qeyd edib. Onun sözlərinə görə, Türkiyənin gündəliyində Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və Avropa ilə elektrik sistemlərinin inteqrasiyasına yönələn layihələr də var. Bayraktar bildirib ki, Ankara COP31 çərçivəsində bu layihələri beynəlxalq səviyyədə tanıtmağı və konkret təşəbbüsləri irəli aparmağı hədəfləyir. "Bu layihələr Türkiyənin 2040-cı ilədək enerji strategiyası və elektrikləşmə hədəfləri çərçivəsində atdığı konkret addımları, eləcə də qlobal enerji keçidi səylərinə töhfəsini nümayiş etdirir", - deyə nazir bildirib. Bayraktar enerji keçidinin həyata keçirilməsi üçün təxminən 300 milyard ABŞ dolları həcmində investisiyaya ehtiyac olduğunu da qeyd edib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər