Dünya
Bir bilet - 847 milyon dollar: ABŞ-də tarixin ən böyük doqquzuncu cekpotu uduldu
ABŞ-nin Nyu-Cersi ştatında satılmış "Powerball" lotereya bileti öz sahibinə 847 milyon dollar məbləğində cekpot qazandırıb. Bu məbləğ lotereya tarixindəki ən böyük doqquzuncu uduş kimi qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə "WABC" telekanalı məlumat yayıb. Uduşlu bilet Montveyl şəhərindəki "Wegmans" supermarketlər şəbəkəsində alınıb. Biletin sahibi bütün altı rəqəmi - 15, 34, 41, 53, 56 və 21 nömrəli əlavə "Powerball" şarını doğru tapıb. Qalibin kimliyi hələlik məlum deyil. Nyu-Cersi ştatının qaydalarına əsasən, uduş sahibinin məbləği əldə etmək üçün tiraj günündən etibarən müraciət etməyə bir il vaxtı var. Cekpotu qazanan şəxs iki ödəniş üsulundan birini seçməlidir. O, 847 milyon dolları 29 il ərzində hissə-hissə və ya 363.1 milyon dolları birdəfəlik ödəniş şəklində ala bilər. Qeyd edək ki, hər iki məbləğ vergilər çıxılmadan göstərilib. Nyu-Cersidəki bu hadisə "Powerball" tarixində doqquzuncu ən iri uduş olub. Bundan təxminən üç ay əvvəl, avqust ayında İllinoys ştatında satılan bilet sahibinə 1.04 milyard dollar qazandırmışdı. Lotereya tarixinin ən böyük cekpotu isə 2.04 milyard dollar təşkil edir. Həmin uduş 2022-ci ilin noyabrında Kaliforniyada qeydə alınıb.
Mənbə
oxu.az