Cəmiyyət
Siyasi partiyalara ayrılan vəsait artırılacaq?
"Büdcədən siyasi partiyalara ayrılan məbləğin artırılması müzakirə edilə bilər". Oxu.Az xəbər verir ki, bu fikirləri maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, bir müddətdir ki, siyasi partiyalara ayrılan vəsait stabil olaraq qalır: "Siyasi partiyalara ayrılan vəsaitin artırılmasını müzakirə edə bilərik. Buna uyğun təkliflər formalaşmalıdır". Qeyd edək ki, büdcə zərfinin müzakirəsi zamanı Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev və Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Tənzilə Rüstəmxanlı siyasi partiyalara ayrılan vəsaitin artırılmasını təklif etmişdilər. Xatırladaq ki, 2027-ci ilin dövlət büdcəsində VII çağırış Milli Məclisin deputatlarının təmsil etdikləri siyasi partiyaların, həmçinin Milli Məclisə keçirilən seçkilərdə etibarlı səslər qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsinə 6 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Mənbə
oxu.az