Siyasət
Tokayevin planı: Rusiyanı türk birliyinə əslində niyə cəlb etmək istəyirlər?
Oktyabrın sonunda Ankarada keçirilən Türk Dövlətləri Təşkilatında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın təşkilata dəvət olunmasını təklif etdi. Onun təklifinə heç bir üzv dövlət cavab vermədi, həmçinin yekun bəyanata da bununla bağlı məsələ salınmadı. Lakin Rusiyanın TDT-yə dəvəti və ya buna bənzər yanaşma gündəmə ilk dəfə gəlmir. Daha öncə Moskvanın müxtəlif vasitələrlə türk dövlətləri ilə koordinasiya yaradılması barədə təklifləri olub. Hətta 2014-cü ildə Donbasda müharibənin başlanmasından sonra ardıcıl Qərb sanksiyalarına məruz qalan Rusiya Kremlə yaxınlığı ilə seçilən filosof Aleksandr Duqinin vasitəsilə "türk-slavyan ittifaqı" anlayışını irəli sürmüş, daha sonra isə bu yanaşma bir müddət Kremlin nəzarətindəki bir sıra təşkilatlar tərəfindən dəstəklənmişdi. Türk dövlətlərinin bir çoxunun ona maraq göstərməməsi "türk-slavyan ittifaqının" təbliğini Moskvanın gündəmindən çıxarmışdı. Təbii ki, Tokayevin Rusiyanın təşkilata dəvət etməsi müəyyən qədər anlaşılandır. Lakin qaranlıq qalan məqam Tokayevin təklifindən az sonra Rusiyanın bu təşkilatda təmsil olunmağa hazır olduğunu dərhal bəyan etməsidir. Bu da özlüyündə Moskvanın təşkilatla bağlı planlarına dair şübhələr yaradır. Əslində, Türk Dövlətləri Şurası təkcə türk dövlətlərinin ortaq niyyətinin nəticəsi yox, həm də 2022-ci ildə başlayan Ukrayna müharibəsi fonunda dünya nizamının sürətlə dağılmağa başlamasının nəticəsidir. Xüsusilə, Rusiyanın müharibəyə görə təcrid edilməsi, eləcə də Orta Dəhliz anlayışının inkişafı türk dövlətləri arasında da əlaqələri gücləndirməyə başladı. Yəni, əvvəllər yalnız mədəni və milli əsaslar üzərində əlaqələr yaradan dövlətləri indi bir-birinə həm də iqtisadi maraqlar bağlayır. Bu da öz növbəsində Moskvanın Cənubi Qafqaz və Mərkəzi Asiyadakı maraqları ilə uzlaşmır. Üstəlik, bu təşkilatın güclənməsi də Moskvaya qarşı alternativin yaradılması kimi anlaşıla bilər. Bunu Rusiyada yaxşı başa düşürlər. Ona görə də, Tokayevin dəvət təklifini fürsət kimi dəyərləndirən Rusiya həm özünə qarşı ola biləcək birliyin içində yer almaqla təcriddən xilas olmağa çalışır, həm də özünə qarşı yeni alyansların yaranmasını əngəlləyir. Beləliklə, onun gələcəkdə təhdidə çevrilməməsinə çalışır. Yəni, Moskva perspektivi böyük olan Orta Dəhlizdə öz nəzarətini türk dövlətlərinə, ABŞ-yə, AB-yə və müttəfiqi olmasına rəğmən Çinə uduzmaq istəmir. Bu, əslində onun 2000-ci illərdən bu yana təbliğ etdiyi çoxqütblü dünya modelinə də zidd sayılır. Tokayevin qorxusu Az öncə qeyd edildiyi kimi Tokayevin "Rusiya təklifi" Qazaxıstanın geosiyasi vəziyyəti nəzərə alındıqda müəyyən qədər anlaşılandır. Bu ölkə Rusiya ilə ən böyük sərhədi olan dövlətdir. Üstəlik, Qazaxıstan iqtisadiyyatını nə qədər diversifikasiya etməyə çalışsa da hələ də özünün əsas gəlir mənbəyi olan karbohidrogen ehtiyatlarının dünyaya çıxarılmasında Rusiyaya möhtacdır. Digər tərəfdən isə Qazaxıstanda kifayət qədər rusəsilli etnik azlıq var ki, Moskva da bunu Qazaxıstana qarşı silah kimi istifadə edə biləcəyini gizlətmir. 2024-2025-ci illərdə Rusiyanın müxtəlif deputatlar vasitəsilə Qazaxıstana bu istiqamətdə verdiyi mesajlar mövcuddur ki, bu da Astananı narahat edir. Doğrudur, Astana da bacardığı qədər sərt mövqe sərgiləməyə çalışır, amma Tokayevin Putinlə münasibətlərdə seçdiyi üslub onun qırmızı xətləri keçməkdə maraqlı olmadığını göstərir. Qazaxıstanda son illər Moskva ilə bağlı narahatlığın artmasının başqa səbəbi də onun Rusiyaya alternativ olan Orta dəhliz layihəsində aktiv iştirakçı olmağa çalışmasıdır. Kremlə görə, bu layihə hər nə qədər onun müttəfiqi Çinlə bağlı olsa da ölkənin milli maraqlarına təhdid kəsb edir. Üstəlik, mövcud layihə Mərkəzi Asiyaya qeyri-ənənəvi formada Qərb sərmayəsinin axınını əvvəlki dönəmlərdən daha çox artırır. Nəticədə Orta Dəhliz Moskvanın izolyasiyasını gücləndirməklə bərabər, onun Çin və digər Qərb ölkələri qarşısında imkanlarını zəiflədir. Bu da Rusiyanın arxa bağçası saydığı Mərkəzi Asiya və Cənubi Qafqazdakı təsirinin yoxa çıxacağı ehtimalını artırır. Kreml isə bununla razılaşmaq niyyətində deyil. Putinin qəzəbi yoxsa ABŞ-nin vədi? Əslində, son açıqlama onu göstərir ki, Tokayev yeni fürsətlərin yaranmasına baxmayaraq, Moskvanı qəzəbləndirəcək sərt addımlara getməyi planlaşdırmır. Ən azından Qazaxıstan lideri Rusiyanın ölkə içindəki təsir gücünü yaxşı bilir. Ölkədəki builki konstitusiya dəyişikliklərindən sonra prezidentliyini uzatmağı bacaran Tokayev ən azından indiki durumda Moskva ilə qarşı-qarşıya gəlib, elitası daxilində özünə qarşı 2022-ci ildəkinə bənzər yeni təhdid formalaşdırmaqdan qaçmağa çalışır. O zaman Tokayevi Nazarbayevin komandasından xilas edən Moskva bu dəfə onun rəqibləri ilə müttəfiq ola bilər ki, bu da hazırkı prezident üçün ən arzuolunmaz ssenaridir. Digər tərəfdən, karyerasının böyük hissəsini Çində keçirmiş prezident Qərbin bölgəyə girişi ilə Rusiya ilə Çin arasında illərdir saxlanılan balansın pozulacağından özünün isə bunun hədəfinə çevrilə biləcəyindən ehtiyat edir. Ona görə də bir tərəfdən ABŞ ilə münasibətlərini saxlayan Tokayev, digər tərəfdən də Moskva və Pekini bir müddət narazı salmamağa, ən azından hər ikisinin eyni anda ona qarşı səfərbər olmamağa çalışır. Rəsmi Astananı Qərbin bölgəyə yenidən ayaq açmasının davamlılığı da düşündürür. Mərkəzi Asiya artıq bir dəfə ABŞ-nin regiona marağının itməsini 2000-ci illərin əvvəlində yaşayıb. Putinlə Tramp arasında yeni danışıqlar, Avropa Birliyində ultrasağın güclənməyə başlaması, ABŞ-də isə prezident və parlament institutları arasında aralıq seçkilərindən sonra yarana biləcək potensial fikir ayrılığı Astananı ehtiyatlı olmağa və bu ssenarinin yenidən yaşana biləcəyini nəzərə almağa vadar edir. Üstəlik, Qazaxıstanda Ermənistanla Rusiya arasında yaşanan böhranın necə bitəcəyi, Moskvanın burada nə qədər sərt olacağını da müşahidə edirlər. Görünür Putinin bu konfliktdə verəcəyi qərarlar Qazaxıstanın növbəti addımlarını müəyyənləşdirməkdə rol oynaya bilər. Rusiya, sonra İran, sonra isə... Hər bir halda, Tokayevin təklifinin indiki dönəmdə təşkilatda qəbulu inandırıcı görünmür. Həm Bakı, həm də Ankara artıq Rusiyanın təşkilata qəbuluna qarşı olduqlarını rəsmi şəkildə olmasa da hakim partiyaları təmsil edən deputatlar vasitəsilə dilə gətiriblər. Onlara görə, bunun üçün müvafiq platforma "TDT+" ola bilər ki, ora da Moskvanın hazırkı şəraitdə qəbulu inandırıcı görünmür. "TDT+"a üzvlük qarşılığında Rusiyadan türkdilli xalqlarla təşkilatın əməkdaşlığının artırılması tələb edilə bilər. Buna isə Kremlin indiki dönəmdə razılıq verəcəyi real deyil. Son iki ildə Başqırdıstan və digər muxtar bölgələrdəki millətçi qrupların həbsi və ya ekstremist təşkilat elan edilməsi də bu iddianı gücləndirir. Üstəlik, Rusiyaya indi ediləcək güzəşt sonradan digər böyük güclərə, o cümlədən İran, Çin və başqalarına müşahidəçi statusunun verilməsini zəruri edə bilər. Hələlik strukturu yetəri qədər güclənməmiş TDT üçün belə ssenari riskli görünür. Buna həmçinin təşkilat üzvləri də hazır deyil. Ən azından "TDT+"un genişləndirilməsi əsas şərtdirsə, qeyd edilənlərdən öncə Ermənistan və ya Gürcüstana təkliflərin göndərilməsi daha məqsədəuyğun olardı. İstənilən halda, Moskvanı TDT-yə çağırmağı təklif edən Tokayev bununla həm Rusiyaya qarşı olmadığını sübuta yetirməyə çalışır, həm türk dövlətlərinin təşkilatın gələcəyi ilə bağlı nəbzini yoxlamağa çalışır. Eyni zamanda, digər üzvlərə qarşı hər zaman istifadə edilə biləcək rıçaq yaradır. Tokayevin bu həmləsinin isə TDT içində nə qədər effektiv və uğurlu olacağını zaman göstərəcək. Oğuz Azad
Mənbə
oxu.az