Digər

Rusiyanın gəmilərə hücumunun səbəbi budur - CNN

04 Nov 2026, 08:30 3 baxış
Rusiyanın gəmilərə hücumunun səbəbi budur - CNN

Rusiya PUA-ları Qara dənizdə kommersiya gəmilərinə hücumlarını davam etdirir. Məqsəd Ukrayna limanlarının fəaliyyətini bloklamaqdır.


Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.


Məlumata görə, son həftələrdə təxminən 10 gəmi hücuma məruz qalıb. Ümumilikdə ölən və itkin düşən dənizçilərin sayı ən azı 30 nəfərə çatıb. Bu hadisələr Qara dənizi dünyanın ən təhlükəli dəniz marşrutuna çevirib.


“London sığorta bazarı üçün riskləri qiymətləndirən Birgə Hərbi Komitə yüksək riskli zona kimi müəyyən edilən ərazini genişləndirərək Türkiyə, Rumıniya, Bolqarıstan və Gürcüstanın ərazi suları istisna olmaqla, bütün Qara dəniz regionunu bu siyahıya daxil edib.


Rusiya Ukraynanın dəniz əlaqələrini bloklamağa çalışsa da, hücumların bir neçəsi NATO-ya üzv olan Bolqarıstan və Rumıniyanın ərazi sularının yaxınlığında, hətta həmin suların daxilində baş verib.


Fransa kəşfiyyatının qeydə aldığı məlumata görə, Rumıniya limanına doğru hərəkət edən “Contship Jet” gəmisi hücuma məruz qalaraq batıb. Hadisə Bolqarıstan sahillərindən 25 kilometr məsafədə baş verib.


Oktyabrın 15-də daha dörd ticarət gəmisi hücumların hədəfinə çevrilib. Rumıniyanın xarici işlər naziri Oana-Silviya Toyunun bildirdiyinə görə, hücumlardan bəziləri ölkənin ərazi sularında və müstəsna iqtisadi zonasında baş verib, nəticədə səkkiz nəfər həlak olub.


Dənizçilik sənayesi və təhlükəsizlik xidmətlərindəki mənbələrin məlumatına görə, Rusiya dəfələrlə dəniz və hava dronlarından birlikdə istifadə edib. Moskva daha sürətli və qarşısının alınması çətin olan yeni reaktiv dronları, eləcə də hərəkətdə olan hədəfləri vura bilən pilotsuz aparatları tətbiq etməyə başlayıb.


Dəniz nəqliyyatı üzrə təhlillər aparan Ambrey şirkətinin analitikləri bildirirlər ki, Rusiya qüvvələri Ukrayna ticarəti ilə əlaqəli gəmiləri hədəfə alır və Rumıniya ilə Bolqarıstanın ərazi sularını artıq avtomatik olaraq təhlükəsiz hesab etmək olmaz.


Artan təhlükəyə baxmayaraq, bəzi gəmiçilik şirkətləri Qara dənizdə fəaliyyətlərini davam etdirirlər. Dənizçilərin bir qismi belə səfərlərə görə əlavə ödəniş alır, digərləri isə iqtisadi çətinliklər səbəbindən riskli reyslərə çıxmağa məcbur qalırlar”, - nəşr qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər