İqtisadiyyat

Kənd təsərrüfatı məhsullarını bahalaşdıran səbəb: Alış və satış qiymətlərinə limit təklifi - Foto

03 Nov 2026, 19:36 3 baxış
Kənd təsərrüfatı məhsullarını bahalaşdıran səbəb: Alış və satış qiymətlərinə limit təklifi - Foto
Böyük və orta marketlərdə kənd təsərrüfatı məhsullarının satış qiymətləri ticarət mərkəzinə görə dəyişir. Bu məhsulların istehsalçıdan alış qiyməti ilə istehlakçıya təqdim olunan variant arasında ciddi fərq müşahidə olunur. Bu isə süni bahalaşmaya səbəb olan əsas amillərdəndir. Məsələn, ticarət şəbəkələri mövsüm vaxtı qarpızı 10-20 qəpiyə alsalar da, 40-60 qəpiyə satırlar. Yaxud da yerli istehsal olan çəltik məhsulunu - düyünü 1.5, 2 manat aralığında istehsalçıdan aldıqları halda marketlərdə orta hesabla 3 manata təqdim edirlər. Həmçinin, kartof, soğan və digər məhsulların alış və satış qiymətləri arasında bəzən 100 faizlik fərq olur. Hazırda qanunvericilikdə kənd təsərrüfatı məhsullarının istehsalçıdan alış və marketlərdə satış qiymətləri ilə bağlı konkret tənzimləmə nəzərdə tutulmayıb. Belə ki, Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli, 178 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qiymətləri dövlət tərəfindən tənzimlənən xidmətlərin və məhsulların siyahısı"na kənd təsərrüfatı məhsulları daxil edilməyib. Həmçinin Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində və "Tənzimlənən qiymətlər haqqında" Azərbaycan Respublikasının Qanununda bu məhsulların satış qiymətinə tətbiq edilə biləcək əlavə məbləğ və ya faiz dərəcəsi ilə bağlı hər hansı məhdudiyyət müəyyənləşdirilməyib. Bu isə bazarda qiymət fərqinin artmasına və süni bahalaşma hallarına zəmin yarada bilər. Dünya təcrübəsində isə bu məsələyə fərqli yanaşmalar mövcuddur. Məsələn, Türkiyənin 5957 saylı "Tərəvəz və Meyvələr ilə Kifayət Qədər Təklif və Tələb Dərinliyi Olan Digər Malların Ticarətinin Tənzimlənməsi Haqqında" Qanununda komissiya haqqının yuxarı həddi müəyyən edilib. Qanuna əsasən, istehlakçılara satış məbləği üzərindən tutulan komissiya faizi tərəflər arasında sərbəst müəyyənləşdirilsə də, 8 faizdən çox ola bilməz. Nazirlik isə bu faiz dərəcəsini yarıyadək azaltmaq səlahiyyətinə malikdir. Eyni zamanda, faktiki olaraq vasitəçilik xidməti göstərilmədiyi halda komissiya haqqının alınmasına yol verilmir. Bu da istehsalçıdan alınan qiymətlə istehlakçıya təqdim olunan qiymət arasındakı fərqin yüksək olmasının qarşısını alır. Bəs Azərbaycanda bu istiqamətdə hansı tədbirlər görülə bilər? Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli vurğulayıb ki, marketlərin fermerlərdən aldıqları kənd təsərrüfatı məhsullarının üzərinə 30-40 faiz, bəzi hallarda daha çox qiymət qoyması ilk növbədə, bazarda qiymət formalaşması və vasitəçilik mexanizminin nə dərəcədə sağlam işləməsi məsələsini gündəmə gətirir:
"Təbii ki, marketin də müəyyən xərcləri var. Məhsulun daşınması, saxlanması, çeşidlənməsi, işçi qüvvəsi, icarə və digər xərclər nəzərə alınmalıdır. Ona görə də alış və satış qiymətləri arasında müəyyən fərqin olması normaldır. Ancaq bu fərq həddindən artıq böyükdürsə, onu yalnız marketin xərcləri ilə əsaslandırmaq mümkün deyil". İqtisadçı deyir ki, bu istiqamətdə əsas problem fermerin məhsulu çox vaxt aşağı qiymətə satmağa məcbur olması, istehlakçının isə həmin məhsulu mağazada xeyli baha almasıdır: "Yəni, qiymət fərqindən nə fermer, nə də istehlakçı lazımi səviyyədə faydalanır, əsas gəlir tədarük və satış zəncirində formalaşa bilər. Bu baxımdan vasitəçilərin sayı, marketlərin bazardakı mövqeyi və onların fermerlər qarşısında yaratdığı şərtlər araşdırılmalıdır. Qanunvericilik məsələsinə gəldikdə, Azərbaycanda marketlərin kənd təsərrüfatı məhsullarının alış və satış qiymətləri arasındakı fərqinə ümumi qaydada maksimum limit qoyulması nəzərdə tutulmur. Yəni, market fermerdən aldığı məhsulun üzərinə, qanunla müəyyən edilmiş konkret faiz həddini aşmamaq şərti ilə qiymət qoymalı deyil. "Tənzimlənən qiymətlər haqqında" qanun da əsasən dövlət tərəfindən qiymətləri tənzimlənən məhsullara şamil olunur. Amma bu, marketlərin qiymət siyasətinin tamamilə nəzarətsiz olması demək deyil. Rəqabət Məcəlləsində hökmran mövqedən sui-istifadə, əsassız yüksək inhisar qiymətlərinin tətbiqi və rəqabətin məhdudlaşdırılması ilə bağlı müddəalar var. Əgər hansısa market bazarda hökmran mövqedən istifadə etməklə qiymətləri əsassız şəkildə artırırsa, bu, araşdırma predmeti ola bilər. Burada vacib məqam odur ki, alış və satış qiyməti arasındakı 30-40 faizlik fərq özlüyündə qanun pozuntusu hesab edilmir". Akif Nəsirli hesab edir ki, kənd təsərrüfatı məhsulları üzrə qiymət əlavəsinə müəyyən maksimum həddin tətbiqi müzakirə oluna bilər: "Bu baxımdan Türkiyə və digər ölkələrin təcrübəsindən yararlanmaq mümkündür. Ancaq bütün məhsullara eyni faiz həddinin tətbiqi düzgün olmaz. Çünki pomidor, xiyar, kartof və digər məhsulların saxlanma müddəti, daşınma xərcləri, xarab olma riski və satış şərtləri fərqlidir. Ona görə də məhsul qrupları üzrə diferensial limitlər müəyyənləşdirilə bilər. Bununla belə, qiymət əlavəsinə limit qoyulması problemin yeganə həlli deyil. Əgər marketlər məhsulu fermerdən ucuz alır, amma istehlakçıya baha satırsa, burada tədarük zəncirinin şəffaflığı da təmin edilməlidir. Fermerlərin məhsullarını birbaşa marketlərə çıxarması, topdansatış bazarlarında rəqabətin gücləndirilməsi və vasitəçilərin sayının azaldılması vacibdir. Əks halda, qiymət əlavəsinə formal məhdudiyyət qoyulsa belə, başqa xərclər adı altında bahalaşmanın davam etməsi mümkündür. Əsas məqsəd həm fermerin əməyinin layiqli qiymətləndirilməsi, həm də istehlakçının məhsulu münasib qiymətə əldə etməsi olmalıdır".
Kənd təsərrüfatı məhsullarını bahalaşdıran səbəb: Alış və satış qiymətlərinə limit təklifi - Foto Kənd təsərrüfatı məhsullarını bahalaşdıran səbəb: Alış və satış qiymətlərinə limit təklifi - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər