Siyasət

İrana nüvə zərbəsi endirilsə, Azərbaycanı nə gözləyir? - Foto

03 Nov 2026, 17:37 2 baxış
İrana nüvə zərbəsi endirilsə, Azərbaycanı nə gözləyir? - Foto
ABŞ və İsrailin İrana qarşı növbəti hərbi əməliyyatlara başlayacağına dair xəbərlər ciddi müzakirələr yaradıb. Beynəlxalq mediada yayılan məlumatlarda İranın nüvə obyektlərinin mümkün hücum hədəfləri sırasında olduğu bildirilir. Noyabrın 2-də ABŞ qüvvələrinin İranın Hörmüz boğazı yaxınlığındakı hədəflərinə zərbələr endirdiyi barədə məlumat yayılıb. Tehran isə bütün hücumlara adekvat cavab verəcəyi barədə xəbərdarlıq edib. Bəs İslam Respublikasına qarşı ehtimal olunan hərbi eskalasiya Azərbaycan üçün hansı təhlükələr yarada bilər? Nüvə silahından istifadə, nüvə obyektlərinin vurulması ehtimalı nə dərəcədə realdır? Belə bir ssenaridə radioaktiv çirklənmə regiona və ölkəmizə nə dərəcədə təsir göstərə bilər? Politoloq Natiq Miri mövzu ilə bağlı Oxu.Az-a danışıb.
Onun sözlərinə görə, bu barədə yayılan məlumatlar daha çox Tehrana təzyiq göstərmək məqsədi daşıyır: "Hazırda birbaşa olmasa da, vasitəçilər üzərindən danışıqlar aparılır. Bu prosesdə əsas vasitəçilərdən biri Qətərdir. Nüvə zərbəsi ilə bağlı müzakirələr, əsasən, ABŞ Konqresinə aralıq seçkilər ərəfəsində gündəmə gətirilmişdi. Məqsəd Tehrana təzyiq göstərmək, onu indiki çətin vəziyyətdə ABŞ-nin şərtləri, xüsusilə də uranın zənginləşdirilməsi proqramının dayandırılması ilə bağlı tələbləri qəbul etməyə vadar etmək idi. Düşünürəm ki, nüvə silahından istifadə ilə bağlı iddialar da təzyiq mexanizminin bir hissəsidir. Çünki belə bir addım olduqca təhlükəli presedent yaradar. Bundan sonra Rusiya, Çin və nüvə silahına malik digər dövlətlər də oxşar addımlara haqq qazandırmağa çalışa bilərlər. Nüvə silahından istifadə məsələsi qarşılıqlı təhlükə yaradır. Belə bir münaqişədə qalib anlayışından danışmaq çətindir". Politoloq İranın nüvə silahına malik olması barədə yayılan iddialara da münasibət bildirib. O qeyd edib ki, İranın hazırda nüvə silahına sahib olması təsdiqlənmiş fakt deyil: "İran parlamentinin bir üzvü də ölkəsinin guya nüvə silahına malik olması barədə fikir səsləndirib. Bütün bunlar qarşı tərəfi müəyyən mənada danışıqlara və mövcud şərtlərlə razılaşmağa vadar etmək məqsədi daşıya bilər. Ancaq İranın hazırda nüvə silahına malik olması təsdiqlənmiş fakt deyil. Əksinə, bu cür bəyanatlar İran hakimiyyətinə qarşı əlavə təzyiq vasitəsinə çevrilə bilər. Çünki belə açıqlamalar ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatları əsaslandırmaq üçün istifadə edə biləcəyi arqumentləri gücləndirir". Natiq Miri nüvə silahından istifadə ediləcəyi təqdirdə bunun Azərbaycana mümkün təsirlərindən də danışıb. O deyib ki, belə bir hadisə zamanı yaranan radioaktiv çirklənmə qonşu ölkələr üçün də təhlükə yarada bilər: "Nüvə silahları müxtəlif gücə malik olur. Taktiki nüvə silahları da var. Ancaq hər bir halda nüvə partlayışının yaratdığı radioaktiv çirklənmə ciddi təhlükədir. Radioaktiv maddələr küləklə başqa ərazilərə yayıla bilər. Bu baxımdan, Azərbaycandan əlavə Ermənistan, Türkiyə və Gürcüstan da potensial risklə üzləşə bilər. Əgər nüvə silahından istifadə olunsa, radioaktiv çirklənmənin qonşu ərazilərə yayılması ehtimalı var. Xüsusilə İranın şimal və şimal-qərb bölgələrində baş verə biləcək partlayışın Azərbaycanın cənub rayonlarına təsiri hava şəraitindən, küləyin istiqamətindən və digər amillərdən asılı olacaq. Bu, təkcə havaya deyil, torpağa və su ehtiyatlarına da təsir göstərə bilər". Politoloq hesab edir ki, ABŞ Prezidenti Donald Tramp nüvə silahından istifadə etmək qərarı verməyəcək. Onun fikrincə, belə bir addım beynəlxalq təhlükəsizlik baxımından ağır nəticələrə səbəb olmaqla yanaşı, digər nüvə dövlətləri üçün də təhlükəli presedent yarada bilər.
İrana nüvə zərbəsi endirilsə, Azərbaycanı nə gözləyir? - Foto İrana nüvə zərbəsi endirilsə, Azərbaycanı nə gözləyir? - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər