Siyasət
Sahibə Qafarova: "Ədalət anlayışı odur ki, torpaqlarımızın 30 illik işğalına son qoyulub"
"Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin tarixi Zəfərinin əhəmiyyəti ildən-ilə daha dolğun şəkildə üzə çıxır. Düşünürəm ki, 44 günlük Vətən müharibəsində qələbənin mahiyyəti 4 fundamental anlayışla ifadə edilə bilər. Bunlar ədalət, dövlətçilik, hüquq və quruculuq anlayışlarıdır. Ədalət anlayışı odur ki, torpaqlarımızın 30 illik işğalına son qoyulub". Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib. O bildirib ki, 8 noyabr Zəfəri dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına yol açıb: "2023-cü ilin sentyabr ayında keçirilən birgünlük antiterror əməliyyatı hərb tariximizin yeni şanlı səhifəsini təşkil edib. Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərən kriminal xunta rejiminin varlığına son qoyulub. Dövlətçilik haqqında danışarkən qeyd edilməlidir ki, qələbə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və möhtərəm Prezident İlham Əliyev tərəfindən ardıcıl həyata keçirilmiş güclü dövlət quruculuğunun qanunauyğun yekunu olub. Böyük səylər hesabına yaradılan siyasi, iqtisadi, diplomatik və hərbi potensial tarixi qələbədə təcəssümünü tapıb. 8 noyabr Zəfəri xalqın, ordunun və dövlətin birliyinin ən yüksək ifadəsi olub". "BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların onilliklər boyu kağız üzərində qalan qərarları həyata keçirilib. Dövlətlərin ərazi bütövlüyü prinsipi və beynəlxalq hüququn gücü bərqərar edilib. Bu isə qələbənin mahiyyətini ifadə edən hüquq anlayışıdır. Quruculuq anlayışına gəlincə, hörmətli deputatlar, Qarabağın və Şərqi Zəngəzurun bərpa olunması, "Böyük Qayıdış" proqramının icrası qələbəmizi real məzmunla zənginləşdirir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına dönməsi azad olunmuş torpaqlarımıza həyat gətirir", - deyə spiker vurğulayıb. Onun sözlərinə görə, böyük qələbə Cənubi Qafqazda möhkəm sülhün bərqərar edilməsi üçün də tarixi imkan yaradıb: "Dövlət başçısı cənab İlham Əliyevin ardıcıl səyləri regionun dayanıqlı təhlükəsizlik arxitekturasının qurulmasına və əməkdaşlıq imkanlarının reallaşdırılmasına yönəlib. Əminliklə söyləmək olar ki, möhtərəm Prezidentin bütün layihələri kimi, bu layihə də uğurla başa çatdırılacaq".
Mənbə
oxu.az