Dünya

Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya

03 Nov 2026, 10:52 3 baxış
Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya
Şimali Koreya liderinin bacısı və Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin ümumi məsələlər üzrə şöbə müdiri Kim Yo Çjon bildirib ki, KXDR-in "Binance" kriptovalyuta birjasına edilən kiberhücumla heç bir əlaqəsi yoxdur. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Pxenyanın Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) yayıb. O, ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) bu haker hücumunda Şimali Koreyanın dövlət qurumları tərəfindən dəstəklənən qruplaşmanın iştirakı ilə bağlı iddiasını "əsassız cəfəngiyat" adlandırıb. Onun sözlərinə görə, Vaşinqton qlobal miqyasda baş verən kibercinayətlərdə Pxenyanı günahkar kimi göstərərək beynəlxalq ictimaiyyəti aldadır. Kim Yo Çjon qeyd edib ki, ABŞ-nin KXDR-i "kibercinayətkarlıq dövləti" kimi təqdim etmək cəhdi "ciddi siyasi təxribat" və Şimali Koreyanın beynəlxalq nüfuzuna xələl gətirmək üçün "mənfur niyyət"dir. Kim Çen Inın bacısı xüsusi olaraq vurğulayıb ki, KXDR hökuməti kibercinayətkarlıq məsələsinin siyasiləşdirilməsi və bundan digər ölkələrin daxili işlərinə qarışmaq vasitəsi kimi istifadə olunması cəhdlərini qətiyyətlə rədd edir. Kim Yo Çjon xatırladıb ki, ABŞ-nin hazırkı administrasiyası hakimiyyətə gəldikdən dərhal sonra oğurlanmış kriptovalyutaları müsadirə edərək onları strateji ehtiyat kimi istifadə edir. Bu səbəbdən böyükmiqyaslı haker hücumları Vaşinqton üçün olduqca sərfəlidir və bu cür təşəbbüslərin arxasında elə onların özü dayana bilər. Xatırladaq ki, dünyanın ən böyük kriptovalyuta platformalarından biri olan "Binance" oktyabrın 30-a keçən gecə rekord səviyyədə kiberhücuma məruz qalıb. Birjadan müxtəlif kriptovalyutalarla ümumilikdə 6.3 milyard dollara yaxın vəsait çıxarılıb ki, bu da tarixə rəqəmsal aktivlərin ən böyük oğurluğu kimi düşüb. FTB bu kiberhücumun arxasında Şimali Koreyaya məxsus "TraderTraitor" haker qruplaşmasının dayandığını açıqlayıb. Büronun məlumatına əsasən, həmin məbləğin böyük bir hissəsi təxminən 20 dəqiqə ərzində sistemdən çıxarılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər