Cəmiyyət

Hamiləlikdən doğuşa qədər: Səhiyyə Nazirliyinin mütəxəssisi vacib məqamları açıqlayıb - Foto

03 Nov 2026, 05:00 3 baxış
Hamiləlikdən doğuşa qədər: Səhiyyə Nazirliyinin mütəxəssisi vacib məqamları açıqlayıb - Foto
Hamiləlik qadın həyatının ən həssas və məsuliyyətli dövrlərindən biridir. Bu mərhələnin sağlam və təhlükəsiz keçməsi üçün hamiləliyin əvvəlcədən planlaşdırılması, mütəmadi tibbi müayinələrdən keçilməsi, düzgün qidalanma və sağlam həyat tərzinə riayət edilməsi mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, hamiləliyin müxtəlif mərhələlərində baş verən fizioloji dəyişiklikləri tanımaq, təhlükə əlamətlərini vaxtında müəyyən etmək və doğuşa həm fiziki, həm də psixoloji cəhətdən hazırlaşmaq vacibdir. Oxu.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun böyük elmi işçisi Leyla Süleymanova hamiləliyə hazırlıq üçün atılmalı addımlardan, ilk aylarda diqqət yetirilməli məqamlardan, gələcək anaların qidalanma və gündəlik vərdişlərindən, eləcə də doğuşun yaxınlaşdığını göstərən əlamətlərdən danışıb.
{{gallery}} - Hamiləliyi planlaşdıran qadın neçə ay əvvəl tibbi hazırlıqlara başlamalı və ilk növbədə hansı analizləri verməlidir? - Hamiləliyi planlaşdıran qadının ideal olaraq hamiləlikdən 2-3 ay əvvəl həkim müayinəsindən keçməsi məqsədəuyğundur. Bu müddət ərzində qadının ümumi sağlamlıq vəziyyətini qiymətləndirmək və varsa, xroniki xəstəliklərini nəzarətə götürmək mümkündür. İlk növbədə ginekoloq müayinəsi aparılmalı, arterial təzyiq və bədən çəkisi qiymətləndirilməlidir. Həmçinin ümumi qan və sidik analizləri verilə bilər. Klinik vəziyyətdən asılı olaraq qanda qlükoza, ferritin, TSH və digər göstəricilər yoxlanılır. İnfeksiyalarla bağlı müayinələr də qadının xəstəlik tarixçəsinə və əvvəlki müayinələrinin nəticələrinə əsasən seçilməlidir. Qeyd edim ki, bütün qadınlara eyni geniş analiz siyahısının təyin edilməsi düzgün yanaşma deyil. Peyvənd statusu, xüsusilə məxmərək infeksiyasına qarşı immunitet də nəzərdən keçirilməlidir. Eyni zamanda, qəbul edilən dərmanlar həkim tərəfindən yenidən qiymətləndirilməlidir. Ən vacib tövsiyələrdən biri fol turşusunun qəbuluna hamiləlikdən ən azı bir ay əvvəl, ideal olaraq isə 2-3 ay əvvəl başlamaqdır. Adətən gündə 400 mikroqram fol turşusu qəbul etmək tövsiyə olunur. Lakin bəzi qadınlara daha yüksək doza lazım ola bilər və bunu həkim müəyyən etməlidir. - Hamiləliyin ilk həftələrində hansı əlamətlər normal sayılır? - Hamiləliyin ilk həftələrində hormonal dəyişikliklərlə əlaqədar ürəkbulanma, qusma, yuxululuq, yorğunluq, qoxulara qarşı həssaslığın artması və tez-tez sidiyə getmə kimi əlamətlərə tez-tez rast gəlinir. Bəzi qadınlarda qarının aşağı hissəsində yüngül dartınma və az miqdarda ləkələnmə də müşahidə oluna bilər. Lakin qanaxmanı normal hal kimi qiymətləndirmək olmaz. Parlaq qırmızı rəngli və ya getdikcə artan qanaxma, güclü, xüsusilə də qarının bir tərəfində hiss edilən ağrı, başgicəllənmə və ya huşun itirilməsi təcili tibbi müayinə tələb edir. Bu əlamətlər uşaqlıqdankənar hamiləliyin və ya digər ciddi problemlərin göstəricisi ola bilər. Eyni zamanda, dayanmayan güclü qusma, maye qəbul edə bilməmək, yüksək hərarət və ümumi vəziyyətin kəskin pisləşməsi zamanı da həkimə müraciət etmək lazımdır. - Dölün orqanlarının formalaşdığı ilk üç ayda ananın qidalanması, dərman istifadəsi və gündəlik vərdişləri necə olmalıdır? - Hamiləliyin ilk üç ayı dölün əsas orqanlarının formalaşdığı çox vacib dövrdür. Buna görə də qadın bu mərhələdə sağlam və balanslaşdırılmış qidalanmalıdır. Qida rasionunda tərəvəz və meyvələr, tam taxıllı məhsullar, yumurta, balıq, ət və digər keyfiyyətli zülal mənbələri, süd məhsulları və faydalı yağlar kifayət qədər olmalıdır. Çiy və ya tam bişməmiş ət və yumurtadan, pasterizə olunmamış süd məhsullarından, eləcə də gigiyenik baxımdan təhlükəsizliyi şübhə doğuran qidalardan uzaq durmaq lazımdır. Ən vacib məqamlardan biri spirtli içkilərdən və tütün məhsullarından tamamilə imtina etməkdir. Kofein isə normadan artıq qəbul edilməməlidir. Dərmanlarla bağlı əsas prinsip çox sadədir: preparatın "təbii" olması və ya reseptsiz satılması onun hamiləlik dövründə təhlükəsiz olduğu anlamına gəlmir. Hər hansı dərman, vitamin, bitki mənşəli preparat və ya qida əlavəsi qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır. Eyni zamanda, həkimin təyin etdiyi vacib dərmanların qəbulunu da özbaşına dayandırmaq olmaz. Hamiləlik normal davam edirsə, gündəlik fiziki aktivlik əksər qadınlar üçün faydalıdır. Gəzinti və hamiləliyə uyğun yüngül məşqləri davam etdirmək olar. Sadəcə, həddindən artıq fiziki yüklənmədən və zədələnmə riski yüksək olan fəaliyyətlərdən çəkinmək lazımdır. - Hamiləlik dövründə qadının bədənində hansı təbii dəyişikliklər baş verir? - Hamiləlik qadın orqanizmində bir çox fizioloji dəyişikliklərə səbəb olur. Uşaqlığın böyüməsi, hormonal dəyişikliklər və qan dövranının artması nəticəsində qadın bədənində müxtəlif fərqliliklər hiss edə bilər. Ürəkbulanma, yorğunluq, döşlərin böyüməsi və həssaslaşması, tez-tez sidiyə getmə, qəbizlik, köp, bel ağrısı, ayaqlarda yüngül şişkinlik və nəfəs darlığı hissi hamiləlik zamanı müəyyən dərəcədə normal hesab oluna bilər. Hamiləliyin sonrakı aylarında uşaqlığın böyüməsi ilə əlaqədar bel və çanaq nahiyəsində narahatlıq, həmçinin yalançı sancılar müşahidə edilə bilər. Lakin qadın özünü pis hiss etdikdə bunu sadəcə hamiləliklə əlaqələndirməməlidir. Güclü baş ağrısı, görmədə dəyişiklik, qəfil və ciddi şişkinlik, yüksək arterial təzyiq, vaginal qanaxma, suyun gəlməsi, güclü qarın ağrısı, yüksək hərarət və ya döl hərəkətlərinin azalması həkim tərəfindən təcili qiymətləndirilməlidir. - Doğuşun yaxınlaşmasının ilk əlamətləri hansılardır? - Doğuşun yaxınlaşmasının əsas əlamətlərindən biri sancıların tədricən müntəzəm xarakter alması, güclənməsi və daha tez-tez baş verməsidir. Selikli tıxacın gəlməsi də doğuşa hazırlıq əlaməti ola bilər. Lakin bu, doğuşun mütləq həmin gün başlayacağı demək deyil. Ən vacib əlamətlərdən biri döl qişalarının açılması, yəni suyun gəlməsidir. Suyun gəlməsi zamanı, hətta sancılar başlamasa belə, qadın həkimi ilə əlaqə saxlamalı və doğum evinə müraciət etməlidir. Güclü və müntəzəm sancılar, vaginal qanaxma, suyun gəlməsi, körpənin hərəkətlərinin əhəmiyyətli dərəcədə azalması və ya ümumi vəziyyətin pisləşməsi zamanı xəstəxanaya müraciəti gecikdirmək olmaz. Xüsusilə qeyd etmək istəyirəm ki, qanaxma, güclü və davamlı ağrı, suyun gəlməsi və ya döl hərəkətlərinin kəskin azalması zamanı sancıların müəyyən intervala çatmasını gözləmək lazım deyil. - Hamiləliyin son mərhələsində gələcək ananın psixoloji hazırlığı ilə bağlı hansı tövsiyələri verərdiniz? - Doğuşa hazırlıq yalnız fiziki deyil, həm də psixoloji hazırlıqdır. Gələcək ana doğuş prosesi, mümkün doğuş üsulları və ağrı ilə mübarizə yolları haqqında əvvəlcədən məlumat almalıdır. Həkimlə doğuş planını müzakirə etmək, eyni zamanda tibbi vəziyyətdən asılı olaraq bu planın dəyişə biləcəyini qəbul etmək vacibdir. Qadın özünü qorxutmaq əvəzinə, məlumatlanmalı və həkim komandasına etibar etməlidir. Doğuşun necə keçəcəyini əvvəlcədən tam proqnozlaşdırmaq mümkün deyil. Planlaşdırılmamış dəyişikliklər isə uğursuzluq demək deyil. Əsas məqsəd ana və körpənin təhlükəsizliyini təmin etməkdir. Xəstəxana çantasını doğuşa təxminən 3-4 həftə qalmış, vaxtından əvvəl doğuş riski varsa, daha erkən hazırlamaq məsləhətdir. Şəxsiyyət vəsiqəsi və tibbi sənədlər, rahat geyim, şəxsi gigiyena vasitələri, doğuşdan sonra istifadə üçün alt paltarları və digər zəruri əşyalar, həmçinin körpə üçün geyim və bezlər əvvəlcədən hazırlanmalıdır. Ən əsası, nəzərə almalıyıq ki, hamiləlik xəstəlik deyil, qadın orqanizminin mühüm fizioloji vəziyyətidir. Ancaq bu dövrün sağlam və təhlükəsiz keçməsi üçün mütəmadi həkim nəzarəti, düzgün qidalanma, sağlam həyat tərzi və təhlükə əlamətlərini vaxtında tanımaq çox vacibdir.
Hamiləlikdən doğuşa qədər: Səhiyyə Nazirliyinin mütəxəssisi vacib məqamları açıqlayıb - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər