İqtisadiyyat
İnnovasiya iqtisadiyyatı: Azərbaycanda yeni mərhələ başlayır
Texnologiyaların inkişaf tempi bu gün o qədər yüksəkdir ki, bir çox ölkələrdə qanunvericilik yeni iqtisadi reallıqlara uyğunlaşmaqda çətinlik çəkir. Süni intellekt, vençur maliyyələşməsi, kraudfandinq, rəqəmsal platformalar və texnoloji sahibkarlığın yeni modelləri dəyişikliklərə reaksiya verməklə yanaşı, həm də onların inkişafına şərait yaradan müasir tənzimləmə mexanizmləri tələb edir. Məhz buna görə də bu gün dövlətlər yalnız investisiyalar uğrunda deyil, innovasiyalar üçün ən əlverişli hüquqi mühitin yaradılması istiqamətində də rəqabət aparırlar. Azərbaycan da bu rəqabətdə mühüm mövqe tutmağı hədəfləyir. Bu ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" təsdiq edilib. Fəaliyyət Planının icrası çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ölkənin innovasiya ekosisteminin hərtərəfli diaqnostikasını aparıb. Qiymətləndirmənin nəticələri texnologiyaya əsaslanan iqtisadiyyatın inkişafı üçün yeni qanunvericilik dəyişikliklərinin hazırlanmasına əsas olub. Oktyabrın 22-də müvafiq qanunvericilik dəyişikliklərinin Prezident tərəfindən təsdiqlənməsi ilə islahatların hazırlanması mərhələsindən praktiki icra mərhələsinə keçilib. İslahatların əsas məqsədi Azərbaycanın regionun texnologiya mərkəzlərindən birinə çevrilməsi və beynəlxalq texnologiya şirkətləri, investorlar, yüksəkixtisaslı mütəxəssislər üçün cəlbedici məkan olması üçün zəruri şərait yaratmaqdır. Qanunvericilik dəyişiklikləri müasir innovasiya iqtisadiyyatının, demək olar ki, bütün əsas istiqamətlərini əhatə edir. Buraya vençur kapitalı və kraudfandinq, vergi güzəştləri, əqli mülkiyyətin kommersiyalaşdırılması, tədqiqat və inkişaf fəaliyyətinin dəstəklənməsi, eləcə də istedadlı kadrların cəlb edilməsi daxildir. Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənovun sözlərinə görə, söhbət ayrı-ayrı qanunlara nöqtəvi dəyişikliklər edilməsindən deyil, sistemli transformasiyadan gedir: "Müasir iqtisadiyyat dərin transformasiya dövrünü yaşayır. Əvvəllər dövlətin rəqabət qabiliyyəti, əsasən, təbii resurslar, sənaye və logistika ilə müəyyən edilirdisə, bu gün bilik, texnologiya, əqli mülkiyyət və innovativ məhsulların sürətlə yaradılması qabiliyyəti getdikcə daha böyük rol oynayır. Məhz buna görə də aparılan diaqnostikanın nəticələrinə əsasən, ayrı-ayrı dəyişikliklər deyil, kompleks qanunvericilik paketi hazırlanıb. Əslində, startapların maliyyələşdirilməsi üçün müasir mexanizmləri, vergi güzəştlərini, yeni texnologiyaların bazara çıxarılmasını, insan kapitalının inkişafını və beynəlxalq şirkətlərin cəlb edilməsini nəzərdə tutan yeni innovasiya iqtisadiyyatı modeli formalaşdırılır". Startaplar üçün yeni kapital bazarı İslahatların əsas istiqamətlərindən biri vençur kapitalı və kraudfandinqin inkişafıdır. Çünki maliyyələşməyə çıxış innovativ şirkətlərin qarşısında duran əsas maneələrdən biri olaraq qalır. Perspektivli ideyası və bazarda tələb olunan məhsulu olsa belə, startaplara fəaliyyətlərini genişləndirmək, yeni bazarlara çıxmaq, komandalarını böyütmək və texnologiyalarını təkmilləşdirmək üçün kapital lazımdır. İndiyədək Azərbaycanda innovativ şirkətlərin əsas maliyyələşmə mənbələrindən biri bank kreditləri olub. Lakin bank modeli texnoloji biznesin xüsusiyyətlərinə hər zaman uyğun gəlmir. Belə ki, maliyyə təşkilatları adətən girov təminatı, kredit tarixçəsi və sabit pul axınları tələb edirlər. Halbuki gənc şirkətlər çox vaxt bu şərtləri qarşılamaq imkanına malik olmurlar. Dövlət dəstəyinin digər aləti qrantlar olub. Qrant maliyyələşməsi əhəmiyyətli rol oynasa da, tamhüquqlu investisiya bazarını əvəz edə bilmir. Çünki qrantlar ayrı-ayrı layihələrin həyata keçirilməsinə imkan yaradır, lakin investorlarla şirkətlər arasında uzunmüddətli investisiya münasibətlərinin formalaşmasını təmin etmir. Qeyd edək ki, yeni qanunvericilik paketi vençur maliyyələşməsi və kraudfandinq üçün əlavə vergi təşviqlərini nəzərdə tutur. Buraya bu cür investisiyalardan əldə edilən müəyyən gəlirlərə güzəştlər və akkreditə olunmuş investorların startaplara investisiya yatırmasının stimullaşdırılması daxildir. Bu tədbirlər ənənəvi maliyyələşmə mənbələri ilə yanaşı, özəl kapitalın cəlb edilməsi imkanlarını da genişləndirməyə yönəlib. Texnologiyaya və insan kapitalına investisiyalar İslahatların mühüm istiqamətlərindən biri texnologiya şirkətlərinə edilən yatırımlarının cəlbediciliyinin artırılması və onların əməkdaşlarının motivasiyası üçün yeni imkanların yaradılmasıdır. Belə ki, qanunvericilik dəyişiklikləri startaplara müəyyən investisiya növləri üzrə vergi güzəştlərini, eləcə də texnopark rezidenti olan şirkətlərin əməkdaşlarının pay və səhm iştirakçılığı planları çərçivəsində əldə etdikləri gəlirlərə güzəştləri nəzərdə tutur. Əsas aktivləri insan kapitalı olan texnologiya şirkətləri üçün bu cür mexanizmlər xüsusi əhəmiyyət daşıyır. Gənc şirkətlər əməkhaqqı baxımından iri təşkilatlarla rəqabət aparmaqda çətinlik çəkə bilərlər. Bununla belə, onlar əməkdaşlarına biznesin gələcək dəyər artımında iştirak etmək imkanı təklif edə bilərlər. Bu yanaşma komanda üzvlərinin motivasiyasını artırmağa və ixtisaslı kadrları şirkətdə saxlamağa kömək edir. Vergi rəqabətliliyinə doğru Müasir texnologiya sektoru kapitalın və insan resurslarının yüksək mobilliyi ilə seçilir. Beynəlxalq şirkətlər fəaliyyət göstərdikləri ölkəni nisbətən qısa müddətdə dəyişə, investorlar kapitalını başqa bazarlara yönəldə, yüksək ixtisaslı mütəxəssislər isə peşəkar fəaliyyət üçün daha əlverişli şərait təklif edən ölkələri seçə bilərlər. Bu rəqabət mühitində vergi güzəştləri və texnoloji biznesin inkişafı üçün əlverişli şərtlər xüsusi əhəmiyyət kəsb edir. Yeni qanunvericilik paketi məhz bu məqsədə xidmət edir. Dəyişikliklər süni intellekt, rəqəmsal texnologiyalar, kibertəhlükəsizlik və innovasiyalar sahəsində fəaliyyət göstərən şirkətlər üçün uzunmüddətli vergi güzəştlərini nəzərdə tutur. Bununla yanaşı, tədqiqat və inkişaf fəaliyyətinin dəstəklənməsi, əqli mülkiyyətin kommersiyalaşdırılması, yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsi və ölkənin rəqabət qabiliyyətinin artırılması üçün əlavə güzəştlər tətbiq olunur. 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan ən mühüm yeniliklərdən biri müəyyən edilmiş tələblərə cavab verən texnopark rezidentləri üçün bir sıra vergi güzəştlərinin müddətinin 20 ilədək uzadılmasıdır. Müvafiq fəaliyyətlə məşğul olan işçilərin gəlirləri üzrə də eyni müddətə sıfır dərəcəli gəlir vergisi nəzərdə tutulur. Bununla yanaşı, iri şirkətlər üçün ixrac fəaliyyəti və ixrac gəlirlərinin Azərbaycandakı hesablara daxil olması ilə bağlı əlavə şərtlər müəyyən edilib. Vergi güzəştləri ilə yanaşı, texnopark rezidentliyinin əhatə dairəsi də genişləndirilir. Belə ki, bundan sonra frilanserlər və rəqəmsal səyyahlar da texnopark rezidenti kimi fəaliyyət göstərə biləcəklər. Fəaliyyət istiqamətlərinin əhatə dairəsinə süni intellekt, kibertəhlükəsizlik, robototexnika, bulud texnologiyaları və digər yüksək texnologiyalar sahələri daxildir. İslahatların digər mühüm istiqaməti innovativ məhsulların dövlət satınalmalarına cəlb edilməsi üçün yeni mexanizmlərin yaradılmasıdır. Bu mexanizmlər təkliflərin qiymətləndirilməsi zamanı üstünlüklərin verilməsini və texnoloji həllərin pilot qaydada tətbiqini nəzərdə tutur. Beləliklə, qanunvericilik dəyişiklikləri yalnız texnoloji sahibkarlıq üçün əlverişli mühit yaratmağa deyil, həm də innovativ həllərin praktikada tətbiqi və bazara çıxarılması imkanlarını genişləndirməyə xidmət edir. Beynəlxalq təcrübə, yerli reallıqlara uyğun yanaşma İslahatların hazırlanması zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Sinqapur, Estoniya və rəqabətqabiliyyətli innovasiya ekosistemləri formalaşdırmış digər ölkələrin qabaqcıl təcrübəsini öyrənib. Bununla belə, məqsəd ayrı-ayrı ölkələrin modellərini olduğu kimi tətbiq etmək olmayıb. Əvəzində, beynəlxalq təcrübədə səmərəliliyini sübut etmiş mexanizmlər Azərbaycanın iqtisadi reallıqlarına uyğunlaşdırılıb. Müasir investisiya alətləri, investorların müdafiəsi, vergi güzəştləri, tədqiqat və inkişaf fəaliyyətinin dəstəklənməsi, insan kapitalının inkişafı və beynəlxalq texnologiya şirkətlərinin cəlb edilməsi tədbirləri vahid sistemdə birləşdirilib. Yeni iqtisadiyyatın təməli Gözlənilir ki, qəbul edilmiş qanunvericilik dəyişiklikləri innovasiya sektoruna özəl kapital axınını sürətləndirəcək, Azərbaycanın beynəlxalq texnologiya şirkətləri üçün investisiya cəlbediciliyini artıracaq və yerli startapların inkişafına əlavə imkanlar yaradacaq. Uzunmüddətli perspektivdə islahatlar daxili texnologiya bazarının genişlənməsinə, elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılmasına, rəqəmsal məhsul və xidmətlərin ixracının artmasına, eləcə də yüksək əməkhaqqı təklif edən yeni iş yerlərinin yaradılmasına töhfə verməlidir. Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənovun sözlərinə görə, islahatların effektivliyini qəbul edilən qanunların sayı deyil, iqtisadiyyatda yaradacağı real dəyişikliklər müəyyən edəcək. "Biz innovasiya sektoruna özəl investisiyaların həcminin artması ilə yanaşı, beynəlxalq texnologiya şirkətlərinin və yüksək ixtisaslı mütəxəssislərin cəlb olunmasını, daxili texnologiya bazarının inkişafını da gözləyirik. Lakin uğurun əsas göstəricisi qəbul edilən qanunların və ya təqdim olunan güzəştlərin sayı deyil, iqtisadiyyatda baş verən real dəyişikliklərdir. Məqsədimiz istedadlı sahibkarların texnologiya şirkətlərini məhz Azərbaycanda yaratması, beynəlxalq investorların isə ölkəmizi aydın və etibarlı hüquqi mühitə malik yurisdiksiya kimi qəbul etməsidir. Buna görə də qəbul edilmiş qanunvericilik dəyişikliklərini islahatların yekunu kimi deyil, milli innovasiya iqtisadiyyatının növbəti inkişaf mərhələsinin möhkəm təməli kimi qiymətləndiririk". Bu gün ölkələr arasında rəqabət təkcə təbii resurslarla deyil, həm də texnologiyalar, investisiyalar və istedadlarla müəyyən olunur. Bu baxımdan, ölkədə yaradılan hüquqi və iqtisadi şərait də mühüm rol oynayır. Yeni qanunvericilik paketi məhz Azərbaycanda innovasiyaların inkişafına, investorlar üçün aydın qaydaların yaradılmasına, startapların maliyyələşmə imkanlarının genişləndirilməsinə və texnologiya şirkətlərinin fəaliyyətinin uzunmüddətli stimullaşdırılmasına yönəlib. Bu mexanizmlərin praktikada nə dərəcədə səmərəli olacağını zaman göstərəcək. Bununla belə, qəbul edilmiş dəyişikliklər ölkənin texnologiya sektorunda son illərdə həyata keçirilən mühüm islahatlardan biridir və Azərbaycanın innovasiya ekosisteminin gələcək inkişafı üçün yeni imkanlar yaradacaq. Aytac Qasımova
Mənbə
oxu.az