Cəmiyyət
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıq faktı ilə bağlı cinayət işi başlanılıb. Oxu.Az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Qeyd olunub ki, sosial şəbəkələrdə yayılan görüntülərdə paytaxt ərazisində fəaliyyət göstərən özəl uşaq bağçalarından birində azyaşlı uşağın müəssisə direktoru tərəfindən fiziki zorakılığa məruz qalması əks olunub. Bununla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal hüquq-mühafizə orqanlarına müraciət edilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb. "Hazırda hadisənin bütün hallarının araşdırılması və faktın hüquqi qiymətləndirilməsi məqsədilə istintaq tədbirləri davam etdirilir. Uşaqlara qarşı hər hansı formada zorakılığı qətiyyətlə pisləyirik. Hər bir uşağın təhlükəsiz mühitdə böyümək, hüquqlarının və mənafelərinin qorunması hüququ var", - deyə məlumatda bildirilir.
Mənbə
oxu.az