Belarus zavodu Rusiyanın hərbi sənayesini belə gücləndirir
Belarusda yerləşən Smorqon Optik Dəzgahqayırma Zavodu Rusiya hərbi-sənaye kompleksinin ehtiyacları üçün fəaliyyət göstərir.
Axar.az xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Qüvvələrinin Assosiasiyasının (BELPOL) araşdırmasında bildirilib.
Məlumata görə, müəssisə Rusiyanın zavodlarına optik detalların emalı üçün dəzgahlar tədarük edir və mövcud avadanlıqları modernləşdirir. Belə müəssisələr arasında Smolenskdəki “İzmeritel” zavodu, Vladiqafqazdakı “Baspik” texnoloji mərkəzi və Moskvada yerləşən POLYUS Elmi-Tədqiqat İnstitutu var.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) məlumatına görə, Smorqon zavodunun tərəfdaşlarından biri Rusiyanın Su-57 qırıcılarının istehsalında iştirak edən Moskva Mərkəzi Elmi-Tədqiqat İnstitutu SİKLON-dur.
“Osint Varta”nın məlumatına görə, bu institut hərbi-sənaye kompleksinin ehtiyacları üçün optik-elektron cihazların, istilik görüntüləyicilərinin, üzvi işıq diodları (OLED) əsasında mikrod displeylərin, fotqəbuledici qurğuların və texniki görmə sistemlərinin hazırlanması və istehsalı üzrə ixtisaslaşıb. Bu cür avadanlıqlar hərbi texnikada istifadə olunan optik və optik-elektron sistemlərin komponentlərini istehsal etməyə imkan verir.
Belarus zavodunun əməkdaşlıq etdiyi Rusiya müəssisələri monokulyarlar, istilik görüntüləyici cihazlar, optik nişangahlar, məsafəölçənlər və raketlər üçün özütuşlanan başlıqlar istehsal edir.
Araşdırmada qeyd olunub ki, Rusiya hərbi məhsulları istehsal edən müəssisələrlə əməkdaşlıq etməsinə baxmayaraq, zavod indiyədək sanksiya məhdudiyyətlərindən yayınmağa nail olub.