Cəmiyyət
Doğum evində həkim səhlənkarlığı iddiası - 8 aylıq döl ana bətnində tələf oldu
Bakıda 6 nömrəli doğum evində 8 aylıq dölün ana bətnində tələf olduğu bildirilir. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub. Məlumata görə, hadisə oktyabrın 26-da baş verib. Hamilə qadın əvvəlcə özəl klinikaya müraciət edib. Daha sonra doğuş üçün 6 nömrəli doğum evinə yönləndirilib. İddia olunur ki, tibb müəssisəsində həkimlərin vaxtında müdaxilə etməməsi səbəbindən döl ana bətnində tələf olub. Hadisədən üç gün sonra isə süni doğuş həyata keçirilib. Körpənin ölümünün həkim səhlənkarlığı nəticəsində baş verdiyi iddia olunur. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan (ETMGİ) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2004-cü il təvəllüdlü Zivər Azay qızı Azadlı oktyabrın 22-də qarnın aşağı nahiyəsində ağrılar və uşaqlıq yolundan az miqdarda qanlı ifrazat şikayəti ilə ETMGİ-yə müraciət edib: "32 həftə+6 gün hamiləlik, baş gəlişi, normal yerləşmiş ciftin vaxtından əvvəl hissəli ayrılması, "Uşaqlığın anomaliyası (ikili uşaqlıq)" diaqnozu ilə I Mamalıq şöbəsinə qəbul edilib. Hamiləliyə nəzarət özəl klinikada aparılıb. Anamnezində ikinci hamiləlikdir. İlk hamiləliyi 9 həftəsində inkişafdan qalıb. Anamnezində qohum nikahı olduğu bildirilib. Şöbədə müvafiq müayinələr aparılıb və hamiləyə mövcud klinik protokollara uyğun tibbi yardım göstərilib. Pasiyentin vəziyyəti stabilləşdirildikdən sonra saxlayıcı-qoruyucu müalicə məqsədilə Hamilələrin patologiyası şöbəsinə köçürülüb. Oktyabrın 24-də saat 00:30-da hamilədə qarında ağrılar və uşaqlıq yolundan qəhvəyi ifrazat müşahidə olunub. Növbətçi həkim mama-ginekoloq tərəfindən müvafiq müayinələr aparılaraq müalicə tədbirləri görülüb. Aparılan müayinələr zamanı döldə və anada həyati təhlükə aşkarlanmayıb. Həmin gün saat 8:20-də növbəti KTQ müayinəsi zamanı dölün ürək döyüntüsünün mənfi olduğu aşkarlanıb və USM ilə "33 həftəlik hamiləlik. Ölü döl" diaqnozu təsdiqlənib. Hamilə qadın hamiləliyin sonlandırılması üçün II Mamalıq şöbəsinə köçürülüb və "Qeysəriyyə kəsiyi" əməliyyatı ilə hamiləlik sonlandırılıb", - açıqlamada deyilir. Məlumatda qeyd olunub ki, Z.Azadlı və ailə üzvləri dölün təşrihindən imtina edib və bunu yazılı surətdə bildiriblər: "Tələf olmuş döl patohistoloji müayinəyə verilmədiyi üçün antenatal ölümün bilavasitə səbəbi haqqında fikir söyləmək mümkün deyil. Hadisənin qısa müddətdə ETMGİ-nin Tibbi Şurasında müzakirə olunması və nəticəyə əsasən müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub".
Mənbə
oxu.az