Dünya
Tramp Venesuela neftini ABŞ-yə təhvil verəcəyini açıqladı
ABŞ Prezidenti Donald Tramp Venesuelanın 1 milyon barel neft daşıyan tankeri şəklində "hədiyyəsini" yaxın saatlarda Texas ştatının limanlarından birində qəbul etməyi planlaşdırır. Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb. Tramp jurnalistlərlə söhbətində Venesuelanın ABŞ-yə təmənnasız verdiyi nefti daşıyan tankeri Texasda yoxlayıb-yoxlamayacağı ilə bağlı suala cavab verib. "Anladığım qədərilə, bəli", - deyə o bildirib. "Biz Venesuelanı çox uğurla nəzarət altına aldıq. Onlar mənə hədiyyə olaraq 1 milyon barel neft göndəriblər. Mən də bunu Amerika Birləşmiş Ştatlarına təhvil verirəm", - deyə Tramp qeyd edib. "Biz 1 milyon barel neft qəbul edəcəyik. Mən də onu sizə verəcəyəm ki, istədiyiniz kimi istifadə edəsiniz", - deyə ABŞ lideri əlavə edib. Tramp dünya bazarlarında neftin qiymətlərinin tezliklə aşağı düşəcəyini də proqnozlaşdırıb. "Neftin qiymətləri çox tezliklə və kəskin şəkildə düşəcək", - deyə o iddia edib. Amerika mətbuatının məlumatına görə, Tramp Venesuela nefti daşıyan tankeri Port-Artur limanında yoxlayacaq. Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelada mülki və hərbi obyektlərə hücum edib, ölkə Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresi ələ keçirərək ölkədən çıxarıb. Yanvarın 5-də onlar Nyu-York ştatının Cənub Dairəsi üzrə federal məhkəməyə çıxarılıblar. Hazırda Venesuelada dövlət başçısının səlahiyyətlərini Maduronun hakimiyyəti dövründə ölkənin icraçı vitse-prezidenti olmuş Delsi Rodriges icra edir.
Mənbə
oxu.az