Dünya

Nikolay Bordyuja: "Ermənistan KTMT-dən xaric edilməlidir"

28 Oct 2026, 11:12 2 baxış
Nikolay Bordyuja: "Ermənistan KTMT-dən xaric edilməlidir"
Ermənistan KTMT-nin fəaliyyətində faktiki olaraq iştirak etmədiyinə, lakin qəbul edilən qərarlara təsir göstərmək hüququnu özündə saxladığına görə təşkilatdan xaric edilməlidir. Oxu.Az xəbər verir ki, bu fikirləri KTMT-nin sabiq baş katibi Nikolay Bordyuja "RIA Novosti"yə müsahibəsində səsləndirib. Onun sözlərinə görə, iştirakını dondurmasına baxmayaraq, Ermənistan bütün qərarların konsensus yolu ilə qəbul edildiyi təşkilatın rəsmi tamhüquqlu üzvü olaraq qalır. Beləliklə, Bordyujanın qiymətləndirməsinə əsasən, İrəvanın mövqeyi artıq KTMT-nin fəaliyyəti ilə ziddiyyət təşkil etsə də, onu hələ də nəzərə almaq lazımdır. "Mən onları xaric edərdim. Üzvlük haqqını ödəmirlər, iştirak etmirlər. Ciddi yanaşsaq, əgər onlar ciddi tərəfdaşdırlarsa, sadəcə olaraq çıxıb getməlidirlər. Lakin onların "çıxmayacağıq və işləməyəcəyik, həm iştirak etmirik, həm də istəmirik" kimi ikili mövqeyi olduğuna görə, onları kənarlaşdırmaq lazımdır", - deyə Bordyuja bildirib. Bundan əvvəl KTMT-nin hazırkı baş katibi Taalatbek Masadıkov Ermənistanın xaric edilməsi məsələsinin təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 11-də Moskvada keçiriləcək iclasında qaldırıla biləcəyini vurğulayıb. Onun qənaətinə görə, İrəvan KTMT nizamnaməsinin 20 və 25-ci maddələrini pozur. Xatırladaq ki, Ermənistan 2024-cü ildə KTMT-dəki iştirakını dondurduğunu elan edib və üzvlük haqlarının ödənişini dayandırıb. Bununla belə, təşkilatın nizamnaməsində üzvlüyün dondurulması mexanizmi nəzərdə tutulmayıb. Formal olaraq respublika Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanla yanaşı KTMT-nin üzvü olaraq qalmaqda davam edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər