Azərbaycanda idarə əməkdaşları həbs olundular
Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub.
Axar.az Xitab24.az-a istinadən xəbər verir ki, 1983, 1987 və 1993-cü il təvəllüdlü şəxslər işlədikləri idarəyə məxsus iki ədəd zibil yeşiklərini oğurlayıblar.
Onlardan ikisi fəhlə, digəri isə "Mersedes" markalı zibil maşınının sürücüsüdür. Həmin şəxslər hər birinin dəyəri 500 AZN olan dəmir zibil yeşiklərini oğurlayaraq, metal qəbulu məntəqəsinə 70 manata satıblar. Bu oğurluqdan onların hər birinin payına 23 manat qazanc düşüb.
Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxslərin əməlinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinin azadlığı 1 il 6 ay müddətinə məhdudlaşdırılıb.