Cəmiyyət
"TikTok"da canlı yayım açan müəllim işdən çıxarıldı
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. Oxu.Az xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimin sosial şəbəkələrdə yayılan videolarda nümayiş etdirdiyi davranışlar və işlətdiyi ifadələr pedaqoji etika normalarına ziddir: "Günay Məmmədovanın məktəbdə canlı yayımlar açaraq tədris prosesinə müdaxilə etməsi və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olması yolverilməzdir. Bu hallar və qanunvericiliyin tələbləri nəzərə alınaraq müəllimin əmək müqaviləsinə xitam verilib". İdarədən bu cür hallara qarşı qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini bildirilib. Qeyd edək ki, G.Məmmədova məktəb direktorunun otağına daxil olaraq "TikTok"da canlı yayım açmış və müxtəlif iddialar səsləndirmişdi.
Mənbə
oxu.az