Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...
Bu gün, 2016-cı ildən bəri böyük şərəf, imtiyaz və dərin məsuliyyət hissi ilə icra etdiyim Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın Baş müşaviri vəzifəsindən istefa verdiyimi bildirdim.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin Baş müşaviri Oqtay Saral özünün X səhifəsində yazıb.
“Vəzifələr müvəqqətidir, titullar dəyişə bilər. Əsl vacib olan vəzifə deyil, sahib çıxılan dəyərlərdir. Bizim üçün mahiyyət vəzifələrdə deyil, illərdir uğrunda çalışdığımız amalda və prezidentimizlə çiyin-çiyinə apardığımız mübarizədədir.
Bu qərar inandığım dəyərlərdən və ya millətimizə xidmət etmək əzmindən geri çəkilmək demək deyil. Keçmişdə olduğu kimi, bu gün və gələcəkdə də eyni inam və qətiyyətlə Prezidentimizin yanında olmağa davam edəcəyəm.
Qoy Uca Yaradan bizi rəsmi vəzifələrin kölgəsində güc axtaranlardan deyil, həqiqətin işığında dik duranlardan, bədəli nə olursa olsun, inandığı dəyərləri müdafiə edənlərdən eyləsin”, - Saral bildirib.
Qeyd edək ki, dünən Türkiyə Prezidentinin Baş müşaviri Oqtay Saralın istefaya göndərildiyi barədə məlumatlar yayılmışdı.