Dünya

Həqiqət illüziyası effekti: Beynimiz təkrarlanan yalanlara necə inanır?

25 Oct 2026, 06:00 2 baxış
Həqiqət illüziyası effekti: Beynimiz təkrarlanan yalanlara necə inanır?
Yalan iddiaların sistemli şəkildə təkrarlanması insanların onları doğru kimi qəbul etməsinə səbəb ola bilər. Psixologiyada bu hadisə "həqiqət illüziyası effekti" adlanır. Oxu.Az xəbər verir ki, bu barədə psixologiya üzrə fəlsəfə doktoru Yelena Şpagina Gazeta.ru-ya açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, bu fenomenin araşdırılmasına hələ 1970-ci illərin sonlarında başlanılıb. Alimlər sadə təcrübələr apararaq iştirakçılara müxtəlif iddialar təqdim ediblər. Bu iddiaların bəziləri bir neçə dəfə təkrarlanıb. Daha sonra iştirakçılardan hər bir fikrin nə dərəcədə inandırıcı olduğunu qiymətləndirmək istənilib. Nəticələr göstərib ki, insanlar təkrar eşitdikləri fikirləri yeni məlumatlarla müqayisədə daha doğru hesab etməyə meyilli olurlar. Bu, hətta həmin iddialar barədə məlumatları olmadıqda və ya onların əvvəlki biliklərinə zidd olduğu hallarda da baş verə bilər. Onlarla tədqiqatın nəticələrini birləşdirən meta-analiz də bu effektin bir neçə həftəlik fasilədən sonra belə davam edə bildiyini və müxtəlif şəraitlərdə müşahidə olunduğunu təsdiqləyib. Yelena Şpagina qeyd edib ki, insanın iddianın yalan olduğunu əvvəlcədən bilməsi belə bu effektin təsirini tam aradan qaldırmır. "Bunun əsas izahlarından biri informasiyanın emalının asanlığı ilə bağlıdır. İnsan hər hansı iddia ilə ikinci, üçüncü və ya onuncu dəfə qarşılaşdıqda, onu daha sürətli və asan qavrayır. Beyin bu asanlığı həqiqət göstəricisi kimi qəbul edə bilər: əgər məlumatı xatırlamaq və anlamaq asandırsa, deməli, çox güman ki, doğrudur. Eyni zamanda, təkrarlama yaddaşda anlayışlar arasındakı əlaqələri daha da möhkəmləndirir", - deyə mütəxəssis bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər