Dünya
İlon Mask Ukrayna hərbçilərini "Starlink"dən sui-istifadədə ittiham etdi
"SpaceX" şirkətinin sahibi İlon Mask Ukrayna hərbçilərinin "Starlink" peyk rabitə sistemindən dron hücumları həyata keçirmək üçün istifadə etdiyini bildirib. Oxu.Az xəbər verir ki, amerikalı milyarder bu barədə "X" sosial şəbəkəsində paylaşım edib. "Ukrayna hərbçiləri "Starlink" xidmətindən istifadə şərtlərini pozaraq, insanları öldürməyə yönəlmiş dron hücumları həyata keçirmək üçün bu sistemdən istifadə ediblər. Bu boşluq ötən həftə aradan qaldırılıb", - deyə "SpaceX" şirkətinin təsisçisi qeyd edib. Mask mülki istifadə üçün nəzərdə tutulan "Starlink" sistemi ilə "Starshield" platforması arasındakı fərqi də açıqlayıb. Onun sözlərinə görə, "Starshield" ayrıca layihədir və tamamilə ABŞ hökumətinin nəzarəti altındadır. Sistemin hansı məqsədlərlə istifadə ediləcəyinə də məhz ABŞ hakimiyyəti qərar verir. Bununla yanaşı, Mask "Starlink"in Ukrayna Silahlı Qüvvələrinin rabitə təminatında mühüm rol oynadığını etiraf edib. O bildirib ki, hazırda bu sistemi demək olar ki, sıradan çıxarmaq və ya məhv etmək mümkün deyil. "Starlink söndürülsəydi, Ukraynanın cəbhə xətti dərhal çökərdi. Bu, təhdid deyil, sadəcə faktın ifadəsidir", - deyə sahibkar vurğulayıb. Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ukraynanın "SpaceX" şirkətinə məxsus "Starshield" platformasına çıxışının bərpa edildiyini bildirib. "The Wall Street Journal" qəzeti Trampın Maskla telefonla danışaraq ondan xidmətə qoyulan məhdudiyyətləri aradan qaldırmağı xahiş etdiyini yazıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər