Siyasət

Rusiya-Ukrayna müharibəsində sülhdən sonra nə olacaq?

24 Oct 2026, 18:04 2 baxış
Rusiya-Ukrayna müharibəsində sülhdən sonra nə olacaq?
Rusiya-Ukrayna müharibəsində mümkün sülh sazişi hazırda ən çox müzakirə olunan məsələlərdəndir. ABŞ Prezidenti Donald Trampın Kiyevə münasibətdə mövqeyi, Vaşinqton-Moskva xəttində müşahidə olunan diplomatik təmaslar və Avropanın Ukraynaya dəstəyi ilə bağlı yaranan ziddiyyətlər müharibədən sonrakı dövrün necə formalaşacağı ilə bağlı suallar yaradır. Digər tərəfdən, Rusiyanın strateji məqsədlərindən geri çəkilmək niyyətində olmaması və Avropa ölkələri arasında Moskva ilə münasibətlərin yenidən qurulmasına dair fərqli yanaşmaların ortaya çıxması vəziyyəti daha da mürəkkəbləşdirir. Bəs atəşkəs əldə olunarsa, bundan sonra hansı ssenarilər reallaşa bilər? Mövzu ilə bağlı Oxu.Az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru Şəbnəm Həsənova bildirib ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı görünən son mənzərə ondan ibarətdir ki, bir tərəfdən ABŞ-nin Prezidenti Donald Tramp Zelenskiyə təzyiq edir, digər tərəfdən Rusiya ilə mövqe yaxınlaşdırma prosesinin içindədir:
"Dəyişməyən reallıq isə odur ki, Ukrayna və Avropa hələ də ABŞ-nin hərbi dəstəyi qədər diplomatik təsir imkanlarından da asılı vəziyyətdədir. Zelenskinin "Tramp bizim tərəfimizi deyil, digər tərəfi seçəndə bu ağrılı olur" fikri də məhz buna dəlalət edir. Bundan öncə ABŞ və Rusiya prezidentinin dizel yanacağı ilə bağlı razılaşması da ondan xəbər verir ki, tərəflərin öz gündəlikləri Ukraynadan daha çox prioritetdir. Dizel yanacağı razılaşması həm Vaşinqtonla Ukrayna, həm də Ukraynaya dəstək verən Avropa dövlətləri arasında ciddi fikir ayrılıqları yaratdı. "Starlink" və "Starshield" xidmətləri ilə bağlı yaranan fasilələr Ukrayna ordusu üçün əlavə çətinliklər yaradıb. Düzdür, xidmətlər sonradan bərpa olunsa da, bu ondan xəbər verir ki, Ağ ev Kiyevə məhdudiyyətlər vasitəsilə təzyiqlər göstərir". "Düşünürəm ki, bu prosesin özü belə hələ yekun deyil, inkişaf mərhələsindədir. Çünki bundan öncə də Tramp öz mövqeyini Rusiyanın mövqeyinə yaxınlaşdırıb, daha sonra isə həm fərqli ritorikaya müraciət etmişdi, həm də tam əks addımlar atmışdı. Alyaska görüşündə də eyni tendensiyanın şahidi olduq. Görüşdən sonra Rusiyanın güzəştə getməməsi Trampın Ukraynaya şərtli formada dəstək siyasətinə qayıtmasına səbəb olmuşdu. Zənn edirəm ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı əsas narahatlıq Putinin dəyişməyən mövqeyi olmalıdır. O müharibəni genişləndirmək əzmi göstərir və məsələyə Rusiya-Ukrayna kontekstindən daha geniş bir dəyər biçir. Problemə öz tərəfindən tarixi kontekstdən yanaşma sərgiləməsi fundamental və budəfəki mərhələ ilə belə yekunlaşmayacaq yanaşmadır", müsahibimiz deyib. Analitikin sözlərinə görə, artıq Avropa İttifaqının bəzi dairələrində də Moskva ilə münasibətləri yenidən qurmaq çağırışlarının da yüksəldiyinin şahidi oluruq: "Məsələn, Slovakiya-Rusiya hökumətlərarası iqtisadi komissiyanın fəaliyyətinin bərpa ediləcəyinin təsdiqlənməsi də bundan xəbər verir. Bolqarıstan tərəfindən də Trampın dizel yanacağı diplomatiyası müsbət qiymətləndirildi. Deməli, Ukraynanın maliyyələşdirilməsi avropalılar üçün lazım olmayan bir sərfiyyat kimi dəyərləndirilir. Eyni zamanda, Avropadakı siyasi vəziyyət kövrəkdir. Bu baxımdan da Ukraynaya diplomatik və maliyyə dəstəyi nisbətən sabit saxlanılır. Avropa Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen tərəfindən çox maraqlı bir fikir səsləndirildi ki, "Ukraynaya dəstəyi dayandırmağın vaxtı deyil, Rusiyaya qarşı sanksiyaları yumşaltmağın vaxtı deyil". Deməli, dəstəyin nisbətən sabit saxlanılması diqqətdə olan məsələdir". "Digər bir tərəfdən Zelenski Avropanı əmin etməyə çalışır ki, Ukraynanın məğlubiyyəti 20 milyon ukraynalının Avropaya getməsi ilə nəticələnəcək ki, bu istiqamətdə Avropanı güclü olmağa və Ukraynanı müdafiə etməyə səsləyir. Düşünürəm ki, indiki məqamda gözləmək strategiyası seçilib. Çünki qarşıdan qış gəlir. Digər bir tərəfdən isə 2029-cu ildə Trampın prezidentlik müddəti bitir. Hadisələrin inkişaf ssenarisi haqqında proqnoz vermək dəqiq olmasa belə, problemin fundamental həllinin gələcək idarəçiliklərə qalacağı dəqiqdir. Rusiya öz strateji məqsədlərindən geri çəkilməyəcək və Ukrayna hərbi və ya diplomatik dəstək baxımından ciddi dönüşə nail olmayacağı təqdirdə, ölkəni getdikcə daha əlverişsiz nəticələr gözləyə bilər, Zelenskinin siyasi gələcəyi isə getdikcə daha qeyri-müəyyən görünür", - deyə Ş.Həsənova əlvə edib.
Rusiya-Ukrayna müharibəsində sülhdən sonra nə olacaq? Rusiya-Ukrayna müharibəsində sülhdən sonra nə olacaq?
Mənbə oxu.az

Oxşar Xəbərlər