Cəmiyyət

İki nəfərin öldüyü "Sabunçu keçidi"ndə hansı tədbirlər görülüb?

24 Oct 2026, 17:28 3 baxış
İki nəfərin öldüyü "Sabunçu keçidi"ndə hansı tədbirlər görülüb?
Bakıda yağıntılı hava şəraitində müxtəlif ərazilərdə subasma və yağış sularının toplanması halları tez-tez müşahidə olunur. Belə ərazilərdən biri də "Sabunçu keçidi" adlanan tuneldir. Yağışlı havalarda tuneldə suyun yığılması nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradır. Xatırladaq ki, 2024-cü ildə "Sabunçu keçidi"ndə yağış sularının toplanması nəticəsində iki nəfər həyatını itirmişdi. Buna görə də qış mövsümü yaxınlaşdıqca tuneldə güclü yağıntılar zamanı yarana biləcək təhlükələr yenidən narahatlıq doğurur. Bəs "Sabunçu keçidi"ndə qış mövsümündən əvvəl hansı hazırlıq işləri görülüb? Məsələ ilə bağlı İri Şəhərlərin Su Təchizatından (İŞST) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən körpüdə intensiv yağıntılar zamanı su yığılmasının qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülüb, yağış sularının kənarlaşdırılması üçün nasoslar quraşdırılıb. "Görülən tədbirlər nəticəsində intensiv yağışların yaratdığı fəsadların qarşısı alınıb. Hazırda körpüdə yağıntılar zamanı nəqliyyat vasitələrinin hərəkəti maneəsiz davam edir. Təchizat tərəfindən ərazidə vəziyyətə uyğun zəruri tədbirlər həyata keçirilir. Bundan əlavə, payız mövsümü ilə əlaqədar İŞST-nin tabeli qurumları müntəzəm olaraq mövsümlə bağlı tədbirləri həyata keçirirlər. Rayon sukanal idarələri plana uyğun olaraq mövcud yağış barmaqlıqlarının və suqəbuledici qurğuların təmizlənməsi, yağış xətlərinin yuyulması, kollektor və şəbəkələrin texniki vəziyyətinin yoxlanılması, eləcə də mümkün yağıntılar zamanı su axınının maneəsiz yönləndirilməsi üçün zəruri tədbirlər görürlər. Bu işlərə texnika və canlı qüvvə cəlb olunur, əsas diqqət yağış sularının toplanmasının qarşısının alınmasına, mövcud şəbəkələrin yağış mövsümünə hazır vəziyyətə gətirilməsinə yönəldilir", - deyə qurumun məlumatında bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər