İdman
Aziz Yıldırım: "Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!"
"Fənərbağça"nın sabiq prezidenti Aziz Yıldırım klubun maliyyə vəziyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. Oxu.Az xəbər verir ki, o, may ayından sonra klubun qapısından bir daha içəri girməyəcəyini bildirib. "May ayından sonra mən olmayacağam, bir daha bu klubun qapısından içəri girməyəcəyəm! Bunun səbəbini də açıqlayacağam. Sizdən xahiş edirəm, klubunuza sahib çıxın", - deyə Yıldırım vurğulayıb. Sabiq prezident onun rəhbərliyi dövründə klubun maliyyə vəziyyətinin fərqli olduğunu qeyd edib: "Keçən il bunu üzə çıxartdırdım. Deyirlər ki, Aziz Yıldırım 600 milyon borc qoyub gedib. Bilin ki, Aziz Yıldırım olmasaydı, bu günləri görə bilməzdiniz! Ataşehir və Kayışdağı ərazilərini satdınız. Mən stadion tikdim, siz isə ad hüquqlarını, oturacaqlarını və mövsümlük biletləri satdınız. Buna baxmayaraq, vəziyyəti idarə edə bilmədiniz. Aziz Yıldırım bunların heç birini satmadı! 2018-ci ildə klubdan ayrılarkən cəmi 2 milyon avro borc qoyub getdim. Hesablar buradadır, hamısı əlimdədir". Yıldırım oktyabrın 22-nə olan maliyyə göstəricilərini də açıqlayıb. Onun sözlərinə görə, kluba 217 milyon avro vəsait daxil olub, xərclər isə 186 milyon 304 min avro təşkil edib. Sabiq prezident klubun kassasında 38 milyon avro olduğunu da iddia edib: "Allah "Fənərbağça" klubuna kömək olsun, digər klublara da həmçinin. Yəqin ki, hamısının vəziyyəti eynidir".
Mənbə
oxu.az