Dünya
Robert Koçaryanın həbsi ilə bağlı məhkəmə prosesi başa çatdı
Ermənistan məhkəməsi ölkənin sabiq prezidenti və müxalif "Ermənistan" blokunun lideri Robert Koçaryanın həbs qətimkan tədbiri ilə bağlı məsələnin baxılmasını yekunlaşdırıb. Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, qərar oktyabrın 23-də axşam saatlarında elan ediləcək. "Robert Koçaryanın həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılması başa çatıb. Məhkəmənin qərarı oktyabrın 23-də saat 17:30-da açıqlanacaq", - deyə məlumatda bildirilib. Qeyd edək ki, avqustun 25-də müxalifətin "Ermənistan" fraksiyasından olan deputat Levon Koçaryanın mənzilində, eyni zamanda, Robert Koçaryanın evində və onun ailəsi ilə əlaqəli şəxslərin şirkətlərində, yaşayış yerlərində axtarışlar aparılıb. Həmin gün Ermənistanın Baş Prokurorluğu sabiq dövlət başçısına qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, xüsusilə külli miqdarda rüşvətalma və çirkli pulların yuyulması ittihamları ilə cinayət işinin açıldığını bəyan edib. Sözügedən işdə R.Koçaryanın hakimiyyəti illərində müdafiə naziri vəzifəsini tutmuş keçmiş prezident Serj Sarqsyanın da adı hallanır. Avqustun 26-da məhkəmə eks-prezidentin böyük oğlu Sedrak Koçaryanın iki ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb. Robert Koçaryanın özü barəsində isə ikiaylıq həbs qətimkan tədbiri avqustun 27-də tətbiq edilib. Bu qərar o, səhhətinin pisləşməsi səbəbindən Antikorrupsiya Komitəsindən aparıldığı xəstəxanadan buraxıldıqdan sonra icra olunub.
Mənbə
oxu.az