Cəmiyyət

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

21 Oct 2026, 20:43 2 baxış
İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

İrəvanın Avropa ambisiyaları getdikcə öz hərəkətləri ilə ziddiyyət təşkil edir. Ermənistan israrla AB ilə yaxınlaşmağa çalışır, hətta avropalı müşahidəçilərin təhlükəsizliyini də riskə atır. Bu isə artıq diplomatik etiket məsələsi deyil, AB-də yer almağa iddialı dövlətin siyasi məsuliyyətinin göstəricisidir.


Axar.az xəbər verir ki, bu barədə “Minval” mənbələrə istinadla məlumat yayıb.


“Bunun ən inandırıcı nümunəsi sentyabrın 26-da postunu özbaşına tərk etmiş azərbaycanlı hərbçi Nəsimi Musayevlə bağlı son hadisədir. Azərbaycan hadisə barədə dərhal Ermənistanı məlumatlandırıb. Lakin İrəvan əldə etdiyi məlumatları Ermənistan-Azərbaycan şərti sərhədində fəaliyyət göstərən AB-nin Müşahidə Missiyasına çatdırmamağa üstünlük verib. Missiya, mandatına uyğun olaraq, bu kimi insidentlərdən xəbərdar olmalıdır. Avropalı müşahidəçilər silahlı hərbçinin peyda olmasından xəbərdar olmalı idilər. Üstəlik, həmin vaxt onlar hadisə yerinin yaxınlığında olublar.


Bu məlumatın onlara çatdırılmaması təhlükəsizliklərini riskə atmış ola bilər. İrəvan bu məlumatı qəsdən gizlədib. Bu isə daha ciddi bir sual doğurur: Ermənistan nə üçün avropalı müşahidəçiləri məlumatsız qoymağa qərar verib və onları potensial təhlükə qarşısında qoymaqla hansı məqsədləri güdüb?


Görünür, cavabı insidentin özünün baş verdiyi şəraitdə axtarmaq lazımdır. İrəvan insidentin səhnələşdirilməsini hazırlayırdı və bu “şou” başa çatana qədər missiya əməkdaşlarının hadisə yerinə gəlməsini istəmirdi. Məntiq, demək olar ki, hamıya məlumdur: istənilən ssenari dekorasiya tələb edir, dekorasiyalar isə kənar gözləri sevmir. Müstəqil müşahidəçi isə hadisələrin son mənzərəsi hələ formalaşmadığı anda rejissor üçün maneəyə çevrilir. Əks halda, hərbçi və yaralanmış qadınla bağlı məlumatlardakı çoxsaylı ziddiyyətləri izah etmək çətindir. Əvvəlcə əsgərimizin qadına atəş açdığı iddia olunurdu. Daha sonra qadının onu bıçaqla yaraladığı barədə məlumat yayıldı. Sonradan qadının özünümüdafiə məqsədilə hərəkət etdiyi bildirildi, daha sonra isə uşaqlarını qorumağa çalışdığı versiyası ortaya çıxdı. Lakin əsas sual hələ də cavabsız qalır: silahsız qadın əlində tapança deyil, avtomat tutan hərbçini necə tərk-silah edə bilib? Əsgər niyə avtomatdan ardıcıl atəş açmayıb? Bütün bu hadisə necə olub ki, yalnız bir güllə atılması və həmin güllənin barmağa dəyməsi ilə nəticələnib? Belə çıxır ki, avtomat nədənsə yalnız tək atəş açıb.


Zərərçəkmiş qadının vəziyyəti ilə bağlı da xeyli ziddiyyətli məlumatlar yayılıb. Əvvəlcə onun bir, daha sonra isə iki əməliyyat keçirdiyi bildirilib. Sonradan qadının əlil qaldığı barədə iddialar ortaya çıxıb. Bütün bu ziddiyyətlərin arxasında konkret bir hesab dayanır: məqsəd Azərbaycan hərbçisini geri qaytarmaq deyil, əlverişli şərait yaranarsa, onu Bakıda həbsdə saxlanılan bir və ya bir neçə erməni ilə dəyişdirməkdir. Canlı insanı mübadilə vasitəsinə çevirən siyasət, adətən, bu siyasəti həyata keçirənlərə divident gətirmir. Məhz burada Paşinyan növbəti kobud səhvə yol verdi: o, yaranmış əlverişli vəziyyəti strategiya, alveri isə diplomatiya ilə səhv saldı. Azərbaycanla Ermənistan arasında sərhədi azaraq keçən hərbçilərin geri qaytarılmasını nəzərdə tutan centlmen razılaşması mövcuddur. Belə hallar dəfələrlə baş verib. Ermənistan əsgərləri Azərbaycan tərəfinə keçib və Bakı onları ictimaiyyətə açıqlamadan geri qaytarıb. Paşinyan daha bir sərhəd hadisəsini siyasi tamaşaya çevirmək qərarına gələrsə, Ermənistan artıq Azərbaycanın əvvəlki humanizminə güvənməməlidir. Bundan sonra sərhədi bizim tərəfə keçən hər bir erməni hərbçisi məhkəmə qarşısına çıxarılacaq”, - məlumatda deyilib.

Mənbə axar.az

Oxşar Xəbərlər