Cəmiyyət

Ölüm ayağında olan şəxsə təcili yardım gəlmədi: "103-ə zəng etdik, başqa nömrə verdilər" - Video

20 Oct 2026, 11:48 4 baxış
Ölüm ayağında olan şəxsə təcili yardım gəlmədi: "103-ə zəng etdik, başqa nömrə verdilər" - Video
Qazax rayonunun "Təzə məhəllə" adlanan ərazisində sakinlərin təcili tibbi yardım çağırarkən problemlə üzləşdikləri iddia olunub. Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü yayılıb.

Şikayətçi bildirib ki, Qazax rayonundan 103 nömrəsinə zəng etdikdə zəng Ağstafa rayonunun təcili tibbi yardım şöbəsinə yönləndirilir. Oradan isə Qazaxın sözügedən ərazisinə xidmət göstərmədikləri bildirilərək sakinlərə başqa nömrə təqdim olunur. Onun sözlərinə görə, verilən nömrə şəhər nömrəsi olduğundan həmin nömrəyə zəng etmək üçün telefon balansında vəsait olmalıdır. Balansda pul olmadıqda isə sakinlər təcili tibbi yardım çağırmaqda çətinlik çəkirlər. Şikayətçi qeyd edib ki, hadisə bu gün səhər saatlarında, Alı Mustafayev küçəsində yaşayan atasının səhhətinin pisləşməsi zamanı baş verib. Onun sözlərinə görə, atası beyin qanaması keçirib. Anası 103 nömrəsinə zəng etsə də, əraziyə xidmət göstərilmədiyi bildirilib və ona başqa nömrə verilib. Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 19-da "Instagram" sosial şəbəkəsində 103 xidmətinə edilən zənglərin aidiyyəti rayon əvəzinə qonşu rayonun dispetçer xidmətinə yönləndirilməsi ilə bağlı paylaşım Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən araşdırılıb. "Qeyd olunan və analoji halların qarşısının alınması, eləcə də vətəndaş müraciətlərinin operativ qəbulunun təmin edilməsi məqsədilə regionlar üzrə müvafiq bölmələrin dispetçerlərinə tapşırıqlar verilib. Tapşırığa əsasən, zəng aidiyyəti olmayan rayonun 103 xidmətinə daxil olsa belə, dispetçer müraciəti qəbul etməli, zəruri məlumatları qeydə almalı və çağırışın müvafiq bölmə üzrə yönləndirilməsini təmin etməlidir. Hər bir vətəndaş üçün əlçatan olmaq və müraciətlərə operativ reaksiya vermək bizim əsas vəzifələrimizdəndir", - deyə məlumatda bildirilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər