Dünya
Trampın müşaviri ilə bağlı araşdırma başlandı
ABŞ Prezidenti Donald Tramp müşaviri Riçard Qrenellin nüfuz alverində iştirakına dair şübhələrlə əlaqədar araşdırma aparılmasını tapşırıb. Oxu.Az "Axios" portalına istinadən xəbər verir ki, araşdırmanı Ağ Evin hüquq müşavirinin aparatı həyata keçirir. Buna səbəb bu ayın əvvəlində Trampın keçmiş müşaviri və vəkili Alina Habbanın verdiyi məlumat olub. Onun sözlərinə görə, Qrenell 2025-ci ilin mayında əri, türkiyəli iş adamı Turhan Mildondan Con Kennedi adına İfa Sənətləri Mərkəzinə ianə etməsini istəyib. İddialara görə, bunun müqabilində Qrenell Mildonun Vaşinqton administrasiyasının əməkdaşları ilə görüşlərini və Trampın iştirak etdiyi tədbirlərdə olmasını təşkil edəcəyini bildirib və bununla bağlı Mildona mesaj göndərib. "Administrasiya əməkdaşlarının sözlərinə görə, həmin mesaj Qrenellin Trampın etimadından sui-istifadə edib-etmədiyini və o vaxt rəhbərlik etdiyi Kennedi Mərkəzinə ediləcək milyonlarla dollarlıq potensial ianələri mənimsəyib-mənimsəmədiyini müəyyənləşdirmək üçün Prezident Trampın göstərişi ilə aparılan Ağ Ev araşdırmasının əsas sübutudur", - materialda qeyd olunub. Məqalədə bildirilir ki, Habba və Mildonun vəkilləriQrenellin təklifi ilə iş adamının Kennedi Mərkəzinə ianə etdiyini, lakin sonradan həmin kompleksin vəsaiti almadığını öyrəndiyini iddia edirlər. Qrenell daha əvvəl Habba və Mildonun irəli sürdüyü bütün ittihamları rədd edib. O, iş adamından pul almadığını vurğulayıb. Qrenell 2025-ci ilin fevralından 2026-cı ilin martına qədər Kennedi Mərkəzinə rəhbərlik edib. O, həmçinin Trampın xüsusi tapşırıqlar üzrə elçisidir. 2018-2020-ci illərdə ABŞ-nin Almaniyadakı səfiri vəzifəsində çalışıb. Bundan başqa, 2020-ci ildə ABŞ Milli Kəşfiyyatının direktoru vəzifəsini müvəqqəti icra edib.
Mənbə
oxu.az