Dünya
Tramp "cəhənnəm sanksiyaları"nı niyə dondurdu?
ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasındakı münaqişənin uzanmasının qarşısını almaq məqsədilə Moskva və Kiyevlə aparılan danışıqların gedişatını izləmək üçün yeni sanksiyaların tətbiqini müvəqqəti dayandırıb. Oxu.Az-ın "RIA Novosti" agentliyinə istinadla verdiyi məlumata görə, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio mətbuat nümayəndələrinə açıqlamasında deyib. "O, sanksiyaların icrasını 60 günlüyünə dondurmaq qərarı verdi. Çünki hazırda həm Ukrayna, həm də Rusiya ilə davam edən danışıqların müsbət bir məcraya yönəlib-yönəlməyəcəyini və müharibənin (uzanmasının - red.) qarşısının alınıb-alınmayacağını müşahidə etmək istəyir", - deyə Rubio bildirib. Dövlət katibi bundan öncə də qeyd etmişdi ki, ABŞ rəhbəri Rusiyadan gətirilən bütün məhsullara 500 faizə qədər gömrük rüsumlarının tətbiqini ehtiva edən "cəhənnəm sanksiyaları"nın fəsadlarını təhlil etmək üçün bu 60 günlük dövrdən yararlanmağı planlaşdırır. Onun sözlərinə görə, bu məhdudiyyətlər yalnız Rusiya ilə məhdudlaşmayacaq, Hindistan kimi digər ölkələrə də təsir göstərəcək. Məhz buna görə də ABŞ rəhbərliyi növbəti addımlar atmazdan əvvəl mümkün iqtisadi fəsadları dəqiq qiymətləndirməlidir.
Mənbə
oxu.az