İdman
İspaniya futbolunda qalmaqal: "Real Madrid"dən istefa tələbi
"Real Madrid" futbol klubu rəsmi bəyanat yayaraq Xavyer Tebasın La Liqa prezidenti və İspaniya Kral Futbol Federasiyasının vitse-prezidenti postlarından dərhal istefa verməsini tələb edib. Oxu.Az bu barədə "kral klubu"nun rəsmi saytına istinadən xəbər verir. Məlumata görə, buna səbəb Tebasın "Real Madrid TV" televiziya kanalını nasist Almaniyası ilə müqayisə etməsi olub. Daha əvvəl Tebas "X" sosial şəbəkəsindəki hesabında "Real Madrid TV"nin fəaliyyətini Gebbelsin metodlarına bənzətmişdi: "Bu metod nasist Almaniyasının təbliğat naziri Yozef Gebbelsin istifadə etdiyi mexanizmləri xatırladır: sistemli təkrar, düşmən obrazının yaradılması və faktların süjetə tabe etdirilməsi". O daha sonra dəqiqləşdirmişdi ki, bu müqayisə nasist ideologiyasına və ya "Real" azarkeşlərinə deyil, yalnız "təbliğat texnikalarına" aiddir. Madrid klubunun rəsmi bəyanatında vurğulanır ki, Tebas İspaniya futbolunda ən yüksək məsuliyyət daşıyan iki postu tutur və onun kluba böhtan atmaq üçün nasist təbliğatına istinad etməsi tamamilə yolverilməzdir". "Onun nasist ideologiyasını nəzərdə tutmadığını dəqiqləşdirməsi bəyanatın dərin təhqiramiz, mənəvi cəhətdən iyrənc və institusional olaraq ləyaqətsiz xarakterini yumşaltmır", - deyə "kral klubu"nun rəsmi bəyanatında qeyd olunub.
Mənbə
oxu.az