Dünya
Aya gedən astronavt UNO-lardan danışdı: "Şeytan tərəfindən göndərilmiş iblis ruhlardır"
1972-ci ildə Aya gedən ABŞ-li astronavt Çarlz Dyuk UNO-ların (uçan naməlum obyektlərin) şeytan tərəfindən göndərilən iblis ruhlar olduğunu iddia edib. Oxu.Az xəbər verir ki, bu barədə "Daily Star" nəşri məlumat yayıb. 91 yaşlı Çarlz Dyukun fikrincə, UNO fenomeninin yadplanetlilərlə heç bir əlaqəsi yoxdur. Keçmiş astronavt əmindir ki, səmadakı sirli obyektlər uzaq qalaktikalardan gələn qonaqlar deyil, "sanki Bibliya səhifələrindən çıxmış" şər qüvvələrdir. Dyuk Əhdi-Cədiddə yer alan Korinflilərə İkinci məktuba istinad edib. Həmin mətndə "şeytanın özü İşıq Mələyi cildinə girir" ifadəsi yer alır. O, həmçinin bildirib ki, UNO-lar insanları çaşdırmaq və onları böyük həvəslə mifik yadplanetlilərin axtarışına yönəltmək üçün nəzərdə tutulub. "UNO-lar bizi həqiqətdən uzaqlaşdırmağa çalışırlar. Onlar şeytani təbiətə malikdirlər", - deyə Dyuk qeyd edib. Keçmiş astronavt bu fikirdə uzun illərdir olduğunu etiraf edib. Onun sözlərinə görə, bir dəfə Allahdan bu barədə ona işarə verməsini istəyərək dua edib. Dyukun iddiasına görə, o, əvvəllər heç vaxt UNO-lardan danışmayan bir dostundan səhər yeməyi zamanı bu mövzunu açmasını istəyib. Ertəsi gün dostu həqiqətən də UNO-lar haqqında danışmağa başlayıb. Dyuk isə bunu öz fikirlərinin doğruluğuna işarə kimi qəbul edib. Qeyd edək ki, Çarlz Dyuk 1972-ci ildə "Apollon-16" missiyasının tərkibində Aya ayaq basıb. Daha sonra NASA-dan ayrılıb və 1970-ci illərin sonlarından etibarən özünü xristianlığa həsr edib. "Daily Star"ın yazdığına görə, Dyuk astronavt karyerası ərzində heç vaxt UNO ilə qarşılaşmadığını da bildirib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər