Siyasət

Deputat: "Beynəlxalq hüququn aliliyi təmin edilməyənədək yeni münaqişələr qaçılmaz olacaq" - Foto

15 Oct 2026, 21:36 1 baxış
Deputat: "Beynəlxalq hüququn aliliyi təmin edilməyənədək yeni münaqişələr qaçılmaz olacaq" - Foto
"Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Sammitindəki çıxışı müasir beynəlxalq münasibətlər sisteminin kəskin böhran keçirdiyi bir dövrdə regional və qlobal təhlükəsizlik arxitekturasına tutarlı konseptual baxış təqdim edir". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.
O bildirib ki, dövlət başçısının təqdim etdiyi tezislər yalnız Cənubi Qafqazda formalaşmış yeni reallıqların hüquqi və siyasi qiymətini verməklə kifayətlənmir, həm də beynəlxalq hüququn selektiv tətbiqi, cəzasızlıq mühiti və qlobal təsisatların fəaliyyətsizliyi kimi fundamental problemləri ifşa edir: "Bu baxımdan, Azərbaycan liderinin bəyanatları həm tarixi ədalətin bərpası, həm də beynəlxalq nizamın böhrandan çıxış yollarının müəyyənləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Münaqişələrin yaranması, dərinləşməsi və davamlı xarakter almasının təməlində duran əsas amil beynəlxalq hüququn norma və prinsiplərinin kağız üzərində qalması, xüsusilə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının və digər nüfuzlu təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən təsirli mexanizmlərin mövcud olmamasıdır. Azərbaycan uzun illər ərzində BMT TŞ-nin dörd qətnaməsinin kağız üzərində qalması faktı ilə üz-üzə qalıb və nəhayət, öz suveren hüquqlarını bərpa edərək beynəlxalq hüququn aliliyini təkbaşına təmin edib. Lakin qlobal miqyasda icra mexanizmləri formalaşdırılmayana qədər, güc amilinin hüquq amilini əvəzlədiyi yeni müharibə və münaqişə ocaqlarının alovlanması qaçılmaz olacaq. Çünki cəzasızlıq mühiti təcavüzkarı daha da həvəsləndirir, təcavüzün nəticələrinin legitimləşdirilməsi cəhdləri isə beynəlxalq təhlükəsizlik sisteminin sütunlarını silkələyir". Deputat əlavə edib ki, bu kontekstdə Ermənistanın onilliklər ərzində həyata keçirdiyi işğalçılıq və terror siyasəti xüsusi qeyd olunmalıdır: "Ermənistanın əvvəlki rəhbərliyi - hər üç keçmiş prezident və onların tərəfdarları törətdikləri hərbi cinayətlərə, dinc əhaliyə qarşı həyata keçirilən qırğınlara və uşaqların öldürülməsinə görə cavabdehlik daşıyırlar. Xocalı soyqırımı başda olmaqla, mülki şəxslərin kütləvi şəkildə məhv edilməsi və tarixi-mədəni irsin dağıdılması birbaşa bu şəxslərin göstərişi və iştirakı ilə həyata keçirilib. Bu müharibə cinayətlərinə görə məsuliyyət daşıyan şəxslərin hələ də beynəlxalq hüquq çərçivəsində cəzalandırılmaması yalnız tarixi ədalətsizlik deyil, həm də regional sülhün kövrəkliyinə təsir edən amillərdən biridir. Daha acınacaqlısı odur ki, 2018-ci ildə Ermənistanda hakimiyyətə gələn hazırkı rəhbərlik də özünü "demokratik" kimi təqdim etməsinə baxmayaraq, sələflərinin işğalçı və şovinist siyasətini mahiyyətcə davam etdirib. Təxribatçı bəyanatlar və hərbi addımlar isə yeni müharibənin başlanmasına zəmin yaradıb Bütün bu ədalətsizliklərə, otuz illik işğala, şəhər və kəndlərin yerlə-yeksan edilməsinə, soydaşlarımızın üzləşdiyi dəhşətli müsibətlərə baxmayaraq, Azərbaycan dövləti və xalqı müharibə qanunlarına və beynəlxalq humanitar hüquq normalarına sadiq qalıb. Azərbaycan Ordusu Zəfər yürüşü zamanı mülki əhalini, qadınları və uşaqları hədəf almayıb, qisasını yalnız döyüş meydanında alıb. Xalqımızın çəkdiyi əzablara səbəb olmuş şəxslərin səviyyəsinə enməmək və müharibəni ləyaqətlə aparmaq Azərbaycan dövlətinin mənəvi üstünlüyünün və yüksək siyasi mədəniyyətinin göstəricisidir". K.Bayramov əlavə edib ki, Azərbaycan beynəlxalq hüququn və ədalətin bərqərar olunması istiqamətində növbəti addımı hüquqi müstəvidə atıb: "Bakıda hərbi cinayətlərdə, separatizmdə və sülh əleyhinə cinayətlərdə ittiham olunan şəxslər barəsində keçirilən məhkəmə prosesləri öz mahiyyətinə və formasına görə İkinci Dünya müharibəsindən sonra təşkil olunmuş Nürnberq tribunalının müasir analoqu kimi qiymətləndirilməlidir. Şəffaf, beynəlxalq standartlara tam cavab verən və təkzibedilməz sübutlara əsaslanan bu proses təkcə konkret şəxslərin cəzalandırılmasına deyil, həm də işğalçılıq və terror ideologiyasına hüquqi zərbə vurulmasına xidmət edir. Bu məhkəmə prosesləri regionda gələcək revanşizm cəhdlərinin qarşısını alan mühüm maneə rolunu oynayıb. Lakin təəssüf ki, müasir beynəlxalq münasibətlərdə qərəz və ikili standartlar hələ də üstünlük təşkil edir. Bu mənada, Avropa Şurası və Avropa Parlamenti kimi institutların nümayiş etdirdiyi mövqe bizdə haqlı hiddət doğurur. Reallıqdan uzaqlaşmış, neokolonialist düşüncə tərzinin və islamofob meyillərin təsiri altında olan bu qurumlar Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına töhfə vermək əvəzinə, işğalçıya havadarlıq etməyi, faktları təhrif etməyi və Azərbaycana qarşı siyasi təzyiq mexanizmləri qurmağı üstün tuturlar. Köhnəlmiş və funksionallığını itirmiş bu strukturların birtərəfli yanaşmaları göstərir ki, onlar müasir dünyanın çağırışlarına cavab verə bilmir və getdikcə beynəlxalq arxitekturanın səmərəsiz ünsürlərinə çevrilirlər. Prezident İlham Əliyevin AQEM Sammitindəki bəyanatları təkcə keçmişin təhlili deyil, həm də gələcəyə yönəlmiş strateji çağırışdır. Beynəlxalq aləm anlamalıdır ki, icra mexanizmləri olmayan qətnamələr, cəzasız qalan hərbi cinayətlər və ikili standartlarla idarə olunan beynəlxalq təsisatlar qlobal xaosu dərinləşdirir. Yeni dünya nizamının formalaşdığı şəraitdə yalnız beynəlxalq hüquqa, suverenliyə hörmətə və tarixi ədalətə əsaslanan dürüst yanaşmalar bəşəriyyəti yeni münaqişələrdən xilas edə bilər. Azərbaycanın təcrübəsi isə göstərir ki, milli iradə, güclü dövlətçilik, müstəqil xarici siyasət və prinsipial mövqe sayəsində hətta ən mürəkkəb beynəlxalq ədalətsizliklərin də öhdəsindən gəlmək mümkündür".
Deputat: "Beynəlxalq hüququn aliliyi təmin edilməyənədək yeni münaqişələr qaçılmaz olacaq" - Foto Deputat: "Beynəlxalq hüququn aliliyi təmin edilməyənədək yeni münaqişələr qaçılmaz olacaq" - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər