Cəmiyyət

Ürək-damar cərrahından şikayət: "İki xəstəni xilas etdiyim üçün borca düşmüşəm" - Foto

15 Oct 2026, 13:30 1 baxış
Ürək-damar cərrahından şikayət: "İki xəstəni xilas etdiyim üçün borca düşmüşəm" - Foto
Ürək-damar cərrahı Anar Həmidov İcbari Tibbi Sığorta Agentliyinin (İTSA) iki xəstəyə təcili şəraitdə həyata keçirdiyi əməliyyatların ödənişini qarşılamadığını iddia edib. Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) şikayət yazan həkimin sözlərinə görə, 2026-cı ilin aprelində ürək əzələsinin zədələnməsi əlamətləri olan, dərman müalicəsinə baxmayaraq, ağrıları davam edən iki xəstəyə aorta-koronar şuntlama əməliyyatı icra edib. A.Həmidov bildirib ki, İTSA əməliyyatların ödənişindən xəstələrə əvvəlcədən müvafiq göndəriş alınmadığı üçün imtina edib. A.Həmidov hesab edir ki, tətbiq olunan meyarlar xəstələrin real vəziyyətini nəzərə almır və təcili müdaxiləni gecikdirə bilər. Həkim qeyd edib ki, məsələ ilə bağlı agentliyə dəfələrlə müraciət etməsinə və məsul şəxslə görüşməsinə baxmayaraq, problem həll olunmayıb. "İki xəstənin həyatını xilas etdiyim üçün üzərimə 11 min manat borc qoyulur. Bu, ədalətsizlikdir", - deyə cərrah bildirib. Həkim, həmçinin xidmətlər zərfinə daxil olan bəzi cərrahi əməliyyatların ödənişlərinin kəsintilərlə verildiyini və ya ümumiyyətlə, ödənilmədiyini iddia edib. O qeyd edib ki, xidmətlər zərfinə daxil olan cərrahi əməliyyatların ödənişləri bəzən müəyyən kəsintilərlə həyata keçirilir, bəzi hallarda isə, ümumiyyətlə, ödənilmir. Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov bildirib ki, ürək-damar xəstəliklərinin diaqnostikası və müalicəsi, o cümlədən koronar angioqrafiya, angioplastika və stentləmə, aorta-koronar şuntlama, ürək qapaqlarının cərrahi və transkateter üsulla müalicəsi, TAVI kimi mürəkkəb əməliyyatlar da icbari tibbi sığorta çərçivəsində qarşılanır.
"İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqələrinin verilməsi Qaydası"na əsasən, təcili tibbi yardım tələb olunan hallarda pasiyent özəl tibb müəssisəsinə göndəriş olmadan da müraciət edə bilər. Belə halda özəl tibb müəssisəsi 24 saat ərzində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə elektron sorğu göndərir. Agentlik tibbi xidmətin Xidmətlər Zərfinə daxil olub-olmamasını, təcililik dərəcəsini nəzərə alaraq dərhal qərar qəbul edir və müvafiq sığorta ödənişi həyata keçirilir. Məlumat üçün bildirək ki, sözügedən müraciətlə bağlı tibb müəssisəsinə və həkimə dəfələrlə rəsmi cavab məktubları ünvanlanıb. Qeyd edək ki, sorğuda qeyd edilən əməliyyatlar tibbi-iqtisadi ekspertiza zamanı təcili tibbi xidmət meyarlarına uyğun hesab edilmədiyindən, həmin əməliyyatlar üzrə ödənişdən imtina edilib", - deyə T.Qurbanov vurğulayıb.
Ürək-damar cərrahından şikayət: "İki xəstəni xilas etdiyim üçün borca düşmüşəm" - Foto Ürək-damar cərrahından şikayət: "İki xəstəni xilas etdiyim üçün borca düşmüşəm" - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər