Siyasət
Türkmənistan səfiri Füzulidəki məscidin istifadəyə veriləcəyi vaxtı açıqladı
"Türkmənistan və Azərbaycan Xəzər regionunda əməkdaşlığın gücləndirilməsində maraqlıdır". Oxu.Az xəbər verir ki, bunu Türkmənistanın Müstəqillik Gününün 35-ci ildönümü münasibətilə keçirilən rəsmi qəbulda bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov deyib. Səfir bildirib ki, Xəzər regionu dünya siyasətində mühüm əhəmiyyətə malik bölgələrdən biridir. Onun sözlərinə görə, regionun əhəmiyyəti, ilk növbədə, Avropa ilə Asiya arasında unikal mədəni və siyasi körpü rolunu oynaması ilə bağlıdır. "Əlverişli coğrafi mövqe, zəngin enerji və təbii sərvətlər həm Xəzəryanı dövlətlərin, həm də Türkmənistanın və Azərbaycanın Avrasiyada və bütövlükdə dünya siyasətində strateji əhəmiyyətini artırır. Məhz buna görə də Türkmənistan və Azərbaycan üçün Xəzər regionunun geosiyasi üstünlüklərindən istifadəyə yönəlmiş birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur", - deyə o bildirib. Səfir qeyd edib ki, siyasi və diplomatik sahələrlə yanaşı, iki ölkə arasında əməkdaşlığın əsasını uzun illər ərzində formalaşmış sıx ticarət və iqtisadi əlaqələr təşkil edir. O, iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətini də səmərəli əməkdaşlıq vasitəsi kimi qiymətləndirib. Bildirib ki, komissiya çərçivəsində dövlətlərarası əməkdaşlığın mühüm məsələləri müntəzəm olaraq müzakirə edilir. Qurbanməmmet Elyasov, həmçinin Heydər Əliyev Fondu və Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya Ehtiyacı olan Uşaqlara Yardım üzrə Xeyriyyə Fondu tərəfindən Türkmənistanda "MAMA - Ana təbiət" adlı beynəlxalq sərginin açılacağını bildirib. Onun sözlərinə görə, sərgi noyabrın ortalarına qədər nümayiş olunacaq. Səfir Füzuli şəhərində məscid tikintisinin də davam etdiyini vurğulayıb. O qeyd edib ki, məscidin açılış mərasiminin bu ilin sonu və ya gələn ilin əvvəlində keçirilməsi nəzərdə tutulur.
Mənbə
oxu.az