Hücum olarsa, Rusiya üç mərhələdə darmadağın ediləcək
Avropada NATO-nun Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç alyans üzvü olan ölkələrdən birinə Rusiyanın hücumu baş verəcəyi təqdirdə həyata keçiriləcək yeni fəaliyyət planını təqdim edib.
Axar.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Qeyd olunur ki, “Qələbə nəzəriyyəsi” adlanan konsepsiya düşmənin üç mərhələdə darmadağın edilməsini nəzərdə tutur.
Birinci mərhələ - “Qarşısını almaq” adlanır. Bu mərhələdə NATO qüvvələri ilkin hücumu dayandırmalıdır. Əgər qarşı tərəf irəliləməyə davam edərsə, alyans ikinci mərhələyə — “Zərbəni zəiflətmək” mərhələsinə keçəcək. Bu mərhələnin məqsədi hücum edən qoşunları daha da irəliləmək imkanından məhrum etməkdir.
Üçüncü mərhələ — “Darmadağın etmək” — təkcə hücum edən bölmələrin deyil, həm də onların fəaliyyətini təmin edən bütün hərbi sistemin məhv edilməsini nəzərdə tutur. Bunun üçün NATO təchizat yollarını kəsməyi, idarəetmə sistemlərini sıradan çıxarmağı və hücum edən qoşunları döyüş qabiliyyətindən məhrum etməyi planlaşdırır.
Varşavada keçirilən Təhlükəsizlik Forumunda çıxış edən Qrinkeviç bildirib ki, NATO bu konsepsiya üzərində artıq bir neçə ildir işləyir. Lakin son hadisələri nəzərə alan alyans rəhbərliyi konsepsiyanı ilk dəfə ictimaiyyətə açıqlamaq qərarına gəlib.