Dünya

Əsrin sonunadək bəşəriyyətin məhvinə səbəb ola biləcək əsas təhlükələr açıqlandı

12 Oct 2026, 05:38 4 baxış
Əsrin sonunadək bəşəriyyətin məhvinə səbəb ola biləcək əsas təhlükələr açıqlandı
Nüvə silahının tətbiqi və süni intellektdən cinayət məqsədi ilə istifadə 2100-cü ilə qədər bəşəriyyətin tamamilə məhvinə gətirib çıxara bilər. Oxu.Az bildirir ki, bu barədə nüfuzlu "Lancet" jurnalında dərc olunan tədqiqatda xəbərdarlıq edilir. Tədqiqatın müəllifləri Yer kürəsinin əhalisi üçün 300-dən çox potensial təhlükə müəyyən edərək onları dörd kateqoriyaya bölüblər. İlk iki kateqoriyaya insanların planetdə tamamilə yox olmasına gətirib çıxara biləcək 17 ekzistensial risk daxil edilib. Belə ki, təhlükə piramidasının ən yüksək pilləsində kütləvi aclığa səbəb ola biləcək nüvə münaqişəsi və süni intellektdən bədniyyətli istifadə, o cümlədən bioloji silahların işlənməsi qərarlaşıb. İkinci kateqoriyaya alimlər bəşəriyyətin tam məhvinə səbəb olmasa da, baza ssenarisinə əsasən 2100-cü ilə qədər ümumilikdə 1 milyard ildən çox müddətə sağlam həyatın itirilməsinə gətirib çıxaracaq təhlükələri aid ediblər. Buraya havanın çirklənməsi, antimikrob dərmanlara davamlılıq, uşaqlarda yetərsiz qidalanma, iqlim dəyişikliyi, səhiyyənin inkişafı üçün beynəlxalq yardımın dayandırılması, ənənəvi hərbi münaqişələr, yüksək alkoqol istehlakı və yüksək qan təzyiqi daxildir. Həmçinin gəlir bərabərsizliyi, aşağı təhsil səviyyəsi, təbii mənşəli pandemiyalar, piylənmə, ruhi sağlamlıq pozuntuları, tütünçəkmə və qeyri-sağlam qocalma kimi faktorlar da bu siyahıdadır. Hesabatın müəllifləri dövlətləri geniş spektri əhatə edən təhlükələri vaxtında müəyyən etməyə, onların qarşısını almağa və yaranan risklərə operativ reaksiya verməyə qadir olan səhiyyə sistemləri qurmağa və maliyyələşdirməyə çağırırlar. Bunun üçün dövlət strukturlarında xüsusi bölmələrin ayrılması, təhlükələrə hazırlıq tədbirlərinin büdcə planlamasına daxil edilməsi, ictimai səhiyyənin, monitorinq sistemlərinin və mütəxəssislərin hazırlanmasının gücləndirilməsi təklif olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər