İdman
Gözlənilməz iddia: İnfantinonu Arsen Venger əvəzləyə bilər
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) hazırkı prezidenti Canni İnfantinonya qarşı olan qüvvələr "Arsenal"ın sabiq baş məşqçisi Arsen Vengeri təşkilatın rəhbəri vəzifəsinə keçiriləcək növbəti seçkidə namizədliyini irəli sürməyə təşviq etmək niyyətindədirlər. Oxu.Az xəbər verir ki, bu məlumatı "The Times" nəşri paylaşıb. Seçki 2027-ci ilin martında Mərakeşdə təşkil olunacaq. Namizədlər iştirakla bağlı müraciətlərini noyabrın 18-nə qədər təqdim etməlidirlər. Venger hazırda FIFA-nın qlobal futbol inkişafı departamentinin rəhbəri kimi fəaliyyət göstərir. Qeyd olunur ki, FIFA prezidenti postuna əsas potensial namizədlərdən sayılan Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Ölkələri Futbol Konfederasiyasının (KONKAKAF) rəhbəri Viktor Montalyani seçkidə iştirak etməyi düşünmür. 56 yaşı olan İnfantino 2016-cı ilin fevral ayında baş tutan növbədənkənar konqresdə FIFA rəhbəri seçilmişdi. Sonrakı illərdə o, iki dəfə alternativsiz olaraq yenidən bu posta layiq görülüb. 76 yaşlı Venger 1996-cı ildən 2018-ci ilə kimi "Arsenal"ın baş məşqçisi olub. Fransalı mütəxəssisin rəhbərliyi ilə London təmsilçisi üç dəfə İngiltərə çempionluğunu qazanıb, yeddi dəfə İngiltərə Kuboku və Superkubokunun qalibi olub, eləcə də Çempionlar Liqası və UEFA Kubokunda finala qədər yüksəlib. Venger baş məşqçi kimi Yaponiyanın "Naqoya", Fransanın "Nansi" və ölkə çempionluğu ilə kubokunu qazandırdığı "Monako" klublarında da çalışıb.
Mənbə
oxu.az