Dünya
"El-Ninyo" gücünü artırır: Dünya üçün təhlükəli dövr başlayır
"El-Ninyo" təbiət hadisəsi güc toplayır və dekabrda ən yüksək həddə çata bilər. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) bəyan edib. ÜMT-nin qlobal mövsümi iqlim üzrə aylıq bülletenində qeyd olunur ki, "El-Ninyo" dekabrda proqnozlaşdırılan pik həddinə qədər güclənməyə davam edəcək. "Proqnozlara əsasən, 2026-cı ilin oktyabrından dekabrına kimi Sakit okeanın tropik zonasının mərkəzi və şərq hissələrində dəniz səthinin temperaturu rekord göstəricilərə çatacaq", - deyə təşkilatdan bildirilib. El-Ninyonun şiddətlənməsi dünyanın müxtəlif bölgələrində həm hava şəraitinə, həm də iqtisadiyyata, ekosistemlərə və əhaliyə öz təsirini göstərəcək. Bu təbiət hadisəsinin yer kürəsinin böyük bir hissəsində temperaturu orta göstəricidən yuxarı qaldıracağı, yağıntıların xarakterini dəyişərək müxtəlif ərazilərdə daşqın və quraqlıq risklərini artıracağı ehtimal olunur. "El-Ninyo" fenomeni artıq tam formalaşıb və sürətlə güclənməkdədir. ÜMT-nin proqnozlarına görə, 100 faizə yaxın ehtimalla bu hadisə 2027-ci ilin fevral ayına qədər davam edəcək və böyük ehtimalla 1950-ci ildən bu yana qeydə alınan ən güclü hadisələrdən biri olacaq", - deyə ÜMT-nin baş katibi Seleste Saulo vurğulayıb. O aydınlaşdırıb ki, "El-Ninyo" planetə əlavə istilik gətirmir, sadəcə olaraq okeanın öz səthi altında topladığı istiliyi xaricə buraxır. Elə bu səbəbdən də "El-Ninyo"nun güclü təzahür etdiyi illər çox vaxt ən isti dövrlər sırasına daxil olur. Saulo əlavə edib ki, hazırda bu istiliyin mənbəyi olan okean ölçmələr tarixində heç vaxt olmadığı qədər isinib və orada xaric olmağa hazır daha çox istilik toplanıb. Planetimizdə iqlim və hava şəraiti əhəmiyyətli dərəcədə iki iqlim fenomeninin - "El-Ninyo"və ""La-Ninyanın (ispanca "oğlan" və "qız") vəziyyətindən asılıdır. Birinci hadisə Sakit okeanın şərq və mərkəzi bölgələrində suyun üst qatının kəskin isinməsi ilə, ikinci hadisə isə əksinə, həmin suların soyuması ilə əlaqələndirilir. Bu parametrdəki dəyişikliklər qlobal iqlim sisteminin okeandakı suyun temperaturu ilə birbaşa əlaqəsi olmayan digər elementlərində də silsilə fəsadlara və dəyişikliklərə yol açır.
Mənbə
oxu.az