Dünya

Təyyarə qəzalarında insan amili: Pilotların qəsdən törətdiyi faciələr

09 Oct 2026, 03:32 2 baxış
Təyyarə qəzalarında insan amili: Pilotların qəsdən törətdiyi faciələr
İsrailə uçuş həyata keçirən "Boeing 737 MAX" təyyarəsinin pilot tərəfindən bilərəkdən qəzaya uğradılma cəhdi sübut etdi ki, səmada ən böyük təhlükə məhz idarəetmə kabinəsində gizlənir. Oxu.Az "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, 2005-ci ildən bəri dünyada azı 800 nəfər pilotların qəsdən etdiyi hərəkətlər ucbatından həyatını itirib. Bu cür faciələr sırasına 2014-cü ildə "Malaysia Airlines" reysinin yoxa çıxması, 2022-ci ildə "China Eastern" və 2025-ci ildə "Air India" qəzaları daxildir. Yerli müstəntiqlər amerikalı ekspertlərin gəldiyi qənaətləri təsdiqləməsələr də, yekun hesabatlar hələlik açıqlanmayıb. Rəsmi olaraq yalnız 2015-ci ildə ikinci pilotun "Airbus" laynerini qəsdən dağlara çırpdığı "Germanwings" hadisəsi təsdiqini tapıb. Bütün bunlara baxmayaraq, uçuşlar daha təhlükəsiz hala gəlib: son 20 il ərzində reyslərin sayı 37% artsa da, ölüm halları 35% azalıb. Mütəxəssislərin fikrincə, təlimlər və müasir texnologiyalar bu problemi yalnız qismən həll edə bilir. Hazırda "Boeing" şirkəti yeni nəsil laynerlərin layihələndirilməsi zamanı qəsdən törədilən qəzaların qarşısını almaq yollarını ciddi şəkildə müzakirə edir. "Germanwings" faciəsindən sonra Avropada həkimlər pilotların psixoloji problemləri barədə məlumat verməyə məcbur edildilər. Lakin sentyabrın 30-da baş vermiş "FlyDubai" insidenti göstərdi ki, hətta işdən uzaqlaşdırılmış pilot Həməm əl-Həmmami belə yenidən səmada peyda olaraq gəmi komandirinə hücum edə bilər. Bir müddət əvvəl məlum olub ki, "Flydubai" təyyarəsini qaçırmağa cəhddə təqsirləndirilən 29 yaşlı Həməm əl-Həmmami layneri Ben-Qurion hava limanına çırpmaq arzusunda olduğunu etiraf edib. Bu əməlinə görə onu ölüm cəzası gözləyir.
Mənbə oxu.az

Oxşar Xəbərlər