Siyasət
İtkin düşmüşlərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib
"İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusunda Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib. Oxu.Az "Report"a istinadən həmin bəyannaməni təqdim edir: "Biz, 7-10 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Bakı şəhərində "İtkin düşmüş şəxslər məsələsinin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin və həllərin işlənib hazırlanması" mövzusunda keçirilmiş Beynəlxalq Konfransın iştirakçıları olaraq, İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində aşağıdakıları bəyan edirik: 1. 1949-cu il 12 avqust tarixli müharibə qurbanlarının müdafiəsinə dair Cenevrə Konvensiyalarını və 1977-ci il tarixli Əlavə Protokolları, habelə Birləşmiş Millətlər Təşkilatının itkin düşmüş şəxslərlə bağlı Baş Assambleyasının və Təhlükəsizlik Şurasının qətnamələrini rəhbər tutaraq, 2. Silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərin qeydiyyata alınması və taleyinin müəyyən edilməsi üçün bütün zəruri tədbirlərin görülməsi ilə bağlı dövlətlərin öhdəliyini xatırladaraq, 3. Dünyanın müxtəlif bölgələrində aşkar edilən kütləvi məzarlıqların sayının artmasından dərin narahatlıq ifadə edərək, 4. Ailələrin itkin düşmüş yaxınlarının taleyi barədə məlumat almaq hüququnu bir daha təsdiq edərək, 5. İtkin düşmüş şəxslərlə bağlı məsələlərin həllinin etimadın yaradılması və barışığın təşviqi, habelə davamlı sülhün bərqərar olması baxımından əhəmiyyətini vurğulayaraq, 6. Dövlətlərin beynəlxalq humanitar hüquqa və beynəlxalq insan hüquqları hüququna hörmət etmək və onlara hörməti təmin etmək öhdəliklərini xatırladaraq, 7. İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqunun bu humanitar məsələyə dair məlumatlılığın artırılmasına və praktiki əməkdaşlığın təşviqinə verdiyi töhfəni nəzərə alaraq, Aşağıdakılara çağırırıq: şəxslərin itkin düşməsinin qarşısının alınması, itkin düşdüyü barədə məlumat verilmiş şəxslərin axtarılması və taleyinin müəyyən edilməsi, habelə itkin şəxslərin ailələrinə onların taleyi barədə məlumat verilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırırıq. Dövlətləri itkin düşmüş şəxslərin yerinin müəyyən edilməsi və eyniləşdirilməsi üçün əhəmiyyət kəsb edən bütün mövcud məlumatları, o cümlədən fərdi və kütləvi dəfn yerlərinə dair məlumatları paylaşmağa çağırırıq. Vurğulayırıq: İnsan qalıqlarının təhlükəsiz, ləyaqətli və elmi cəhətdən əsaslandırılmış şəkildə çıxarılmasının, sənədləşdirilməsinin, eyniləşdirilməsinin və qaytarılmasının, habelə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün əhəmiyyət kəsb edən sənədlərin və sübutların qorunub saxlanılmasının vacibliyini vurğulayırıq. Təqdir edirik: Bir sıra ölkələrdə insan qalıqlarının eyniləşdirilməsi və onların ləyaqətli şəkildə dəfn edilməsinin təmin olunması istiqamətində müvafiq dövlət qurumlarının səylərini təqdir edirik. Təsdiq edirik: Silahlı münaqişə ilə əlaqədar itkin düşdüyü barədə məlumat verilmiş şəxslərin ailələrinin öz yaxınlarının taleyi barədə məlumat almaq hüququnu bir daha təsdiq edirik. Narahatlığımızı ifadə edirik: Mina və digər partlayıcı sursatların axtarış və insan qalıqlarının çıxarılması üzrə səylərə maneə yarada bilməsindən narahatlığımızı ifadə edirik. Dəvət edirik: Dövlətləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarını ən yaxşı təcrübələrin mübadiləsi və texniki tövsiyələrin təqdim edilməsi, o cümlədən məhkəmə-tibbi ekspertiza və digər yeni yaranan texnologiyalardan istifadə etməklə, itkin düşmüş şəxslər məsələsinin həlli istiqamətində əməkdaşlığı gücləndirməyə dəvət edirik. Çağırışımızı ifadə edirik: Həmçinin beynəlxalq təşkilatlara, xüsusilə Birləşmiş Millətlər Təşkilatına, silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslər məsələsinin xüsusi olaraq həlli məqsədilə müvafiq mexanizmin yaradılmasına şərait yaratmaqla bağlı çağırışımızı bir daha ifadə edir və bu məqsədlə BMT ilə əməkdaşlıq etməyə hazır olduğumuzu bildiririk. Təqdir edirik: Ailələr üçün cavabların əldə edilməsinə yönəlmiş təcrübə mübadiləsi, etimadın yaradılması və praktiki əməkdaşlığın inkişaf etdirilməsi baxımından getdikcə daha mühüm platformaya çevrilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqunun fəaliyyətini təqdir edirik. Minnətdarlığımızı bildiririk: Konfransın təşkilinə və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində milli və beynəlxalq səylərin konstruktiv müzakirəsi üçün platforma yaradılmasına görə Azərbaycan Respublikasının Əsir, Girov və İtkin Düşmüş Şəxslər üzrə Dövlət Komissiyasına minnətdarlığımızı bildiririk".
Mənbə
oxu.az
Oxşar Xəbərlər