Siyasət

Yaxın Şərqdə sülh, yoxsa böyük müharibə hazırlığı? - Kollektiv müdafiə mexanizmi işə düşə bilər

07 Oct 2026, 17:14 2 baxış
Yaxın Şərqdə sülh, yoxsa böyük müharibə hazırlığı? - Kollektiv müdafiə mexanizmi işə düşə bilər
"Türkiyə və Pakistanın Səudiyyə Ərəbistanının təhlükəsizliyinin təmin olunması məqsədilə hərbi qüvvə və digər resurslar yerləşdirməyə başlaması ciddi hadisədir. Bu, Yaxın Şərqdə təhlükəsizlik arxitekturasının yeni mərhələyə daxil olduğunu göstərir". Bu fikirləri Oxu.Az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib. Onun sözlərinə görə, oktyabrın 5-də keçirilən fövqəladə görüşdə üç ölkə kollektiv müdafiə öhdəliklərinin praktiki icrasına, razılaşdırılmış qüvvə və imkanların Səudiyyə Ərəbistanına sürətli yerləşdirilməsinə qərar verib:
"Bu addımın əsas səbəblərindən biri Yəməndə vəziyyətin kəskinləşməsidir. Son günlər Səudiyyənin dəstəklədiyi qüvvələrlə "Ənsarullah" (husilər) arasında döyüşlərin intensivləşməsi və Səudiyyə ərazisinə raket-dron hücumlarının davam etməsi Ər-Riyadın təhlükəsizlik strategiyasını yenidən nəzərdən keçirməsinə səbəb olub. Burada birinci və ən real ssenari məhdud kollektiv müdafiə ssenarisidir. Başqa sözlə, Türkiyə və Pakistanın əsas missiyası Səudiyyənin hava hücumundan müdafiəsinin gücləndirilməsi, strateji obyektlərin qorunması, kəşfiyyat, logistika və hərbi koordinasiya ola bilər. Belə olan halda məqsəd İranla və ya husilərlə birbaşa genişmiqyaslı müharibəyə girmək deyil, Səudiyyəyə qarşı mümkün hücumların qarşısını almaq və çəkindirmə yaratmaqdır. İkinci ssenari Yəmən münaqişəsinin regional müharibəyə çevrilməsidir. "Ənsarullah"ın Səudiyyəyə qarşı yeni hücumları intensivləşərsə və Türkiyə-Pakistan qüvvələri həmin hücumların qarşısının alınmasında fəal iştirak edərsə, qarşıdurma tədricən Yəmən sərhədlərindən kənara çıxa bilər". Politoloq əlavə edib ki, daha təhlükəli ssenari isə İranın prosesə birbaşa və ya dolayı şəkildə cəlb olunmasıdır:
"Türkiyə və Pakistanın Səudiyyədə hərbi mövcudluğu Tehran tərəfindən öz əleyhinə formalaşan regional təhlükəsizlik mexanizmi kimi qəbul edilərsə, İranın "Ənsarullah" üzərində siyasi və hərbi dəstəyi artırması mümkündür. Hazırda Türkiyə bu ittifaqı konkret olaraq İrana qarşı yönəlmiş hərbi blok kimi təqdim etmir. Buna görə də "NATO İrana qarşı hərəkətə keçib" qənaəti zənnimcə, düzgün və əsaslandırılmış məsələ deyil. Ən nəhayət, daha bir ssenari isə çəkindirmənin diplomatik nəticə verməsidir. Türkiyə və Pakistanın iştirakı Səudiyyənin müdafiə imkanlarını artırmaqla "Ənsarullah"ın yeni hücumlarının qiymətini yüksəldə, eyni zamanda İran üzərində də müəyyən diplomatik təzyiq yarada bilər. Bu halda hərbi qüvvələrin yerləşdirilməsi geniş müharibəyə hazırlıqdan daha çox müharibənin qarşısını alma vasitəsinə çevrilər. Ümumiyyətlə isə hazırkı proses Yaxın Şərqdə yeni hərbi bloklaşmanın formalaşması baxımından ciddi əhəmiyyət daşıyır. Ən təhlükəli məqam isə Səudiyyəyə qarşı yeni hücumların Türkiyə və Pakistanın hərbi qüvvələrinə toxunmasıdır. Belə bir hadisə kollektiv müdafiə mexanizmini işə sala və lokal Yəmən qarşıdurmasını daha geniş regional münaqişəyə çevirə bilər".
Yaxın Şərqdə sülh, yoxsa böyük müharibə hazırlığı? - Kollektiv müdafiə mexanizmi işə düşə bilər Yaxın Şərqdə sülh, yoxsa böyük müharibə hazırlığı? - Kollektiv müdafiə mexanizmi işə düşə bilər Yaxın Şərqdə sülh, yoxsa böyük müharibə hazırlığı? - Kollektiv müdafiə mexanizmi işə düşə bilər Yaxın Şərqdə sülh, yoxsa böyük müharibə hazırlığı? - Kollektiv müdafiə mexanizmi işə düşə bilər
Mənbə oxu.az

Oxşar Xəbərlər