Siyasət
İlham Əliyevdən Koreya və İraq prezidentlərinə məktub
Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Li Cemyönə təbrik məktubu ünvanlayıb. Oxu.Az President.az-a istinadən xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Koreya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan ilə Koreya arasında əlaqələr dostluğa, qarşılıqlı hörmətə və səmərəli əməkdaşlığa əsaslanır. Biz Koreya ilə münasibətlərimizin daim genişlənməsinə böyük əhəmiyyət veririk. İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Koreya ənənəvi dostluq münasibətlərinin, qarşılıqlı faydalı əməkdaşlığımızın xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənməsinə nail olacağıq. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Koreya Respublikasına daim əmin-amanlıq və rifah arzulayıram". Prezident İlham Əliyev İraq Respublikasının Prezidenti Nizar Amidiyə də təbrik məktubu ünvanlayıb. Məktubda bildirilir: "Hörmətli cənab Prezident, İraq Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm. İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-İraq dövlətlərarası əlaqələrinin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost İraq xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Mənbə
oxu.az