İdman

Məktəb partasından Avropa zirvəsinə: "Qalatasaray" 121 illik yubileyini qeyd edir

01 Oct 2026, 16:16 1 baxış
Məktəb partasından Avropa zirvəsinə: "Qalatasaray" 121 illik yubileyini qeyd edir
Türkiyənin ən köklü və titullu idman klublarından biri olan "Qalatasaray" bu gün 121 yaşını qeyd edir. Oxu.Az xəbər verir ki, İstanbul təmsilçisinin əsası 1905-ci il oktyabrın 1-də "Qalatasaray" Liseyində Ali Sami Yen və onun məktəb yoldaşları tərəfindən qoyulub. Klubun ilk məqsədi futbol komandası yaratmaq və xarici rəqiblər üzərində qələbələr qazanmaq olub. "Qalatasaray" ilk futbol oyununu da 1905-ci ildə keçirib. Komanda həmin qarşılaşmada "Kadıköy Faure Mektebi"ni 2:0 hesabı ilə məğlub edib. "Sarı-qırmızılar"ın 121 illik tarixində ən böyük uğurlarından biri isə Avropada əldə olunub. "Qalatasaray" 1999/2000 mövsümündə Fatih Terimin rəhbərliyi altında UEFA Kubokunu qazanaraq bu turnirdə zəfər əldə edən ilk və hələ də yeganə Türkiyə klubu olub. İstanbul təmsilçisi həmin il UEFA Superkubokunda da "Real Madrid"ə qalib gələrək ikinci böyük Avropa Kubokunu muzeyinə aparıb. Yerli arenada da "Qalatasaray" Türkiyə futbolunun ən uğurlu komandasıdır. Klub 2024/25 mövsümündə "Kayserispor"u 3:0 məğlub edərək tarixində 25-ci çempionluğunu rəsmiləşdirib və Türkiyədə formasında beş ulduz daşımaq hüququ qazanan ilk klub olub. Daha sonra 2025/26 mövsümündə də çempionluğa yiyələnən "Qalatasaray"ın ölkə çempionatındakı titullarının sayı 26-ya çatıb. "Qalatasaray" Türkiyə Kubokunda da rekordçudur. "Sarı-qırmızılar" 2024/25 mövsümündə "Trabzonspor"u 3:0 hesabı ilə məğlub edərək bu turnirdə 19-cu dəfə qalib gəliblər. 121 il əvvəl məktəb şagirdlərinin yaratdığı futbol komandası bu gün Türkiyənin ən tanınmış idman brendlərindən birinə çevrilib. "Sarı-qırmızılar"ın tarixində 26 Türkiyə çempionluğu, 19 Türkiyə Kuboku, UEFA Kuboku və UEFA Superkuboku olmaqla çox sayda titul yer alır.
Mənbə oxu.az

Oxşar Xəbərlər