Dünya
Argentina Britaniyaya iki həftə vaxt verdi - GƏRGİNLİK ARTIR
Argentina hökuməti Böyük Britaniyadan mübahisəli Malvin (Folklend) adaları yaxınlığındakı neft hasilatı layihəsini dayandırmağı tələb edərək, əks halda Beynəlxalq Dəniz Hüququ Tribunalına müraciət edəcəyi ilə hədələyib. Oxu.Az xəbər verir ki, bu barədə ölkə prezidentinin administrasiyasının mətbuat xidməti məlumat yayıb. "Argentina Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından iki həftə ərzində Argentinanın kontinental şelfində karbohidrogen ehtiyatlarının çıxarılmasına yönəlmiş fəaliyyətlərin başlanmasının və ya davam etdirilməsinin qarşısını almaq üçün lazımi addımları atmağı rəsmən tələb edib. Birləşmiş Krallıq müəyyən edilmiş müddətdə bu tələbə məhəl qoymazsa, Argentina Respublikası kontinental şelf üzərindəki suveren hüquqlarını qorumaq məqsədilə müvəqqəti tədbirlərin görülməsi üçün Beynəlxalq Dəniz Hüququ Tribunalına şikayət edəcək", - deyə açıqlamada bildirilir. Qeyd olunub ki, Argentina Prezidenti Xavyer Miley "Sea Lion" neft layihəsinin reallaşdırılmasına imkan verməmək üçün Xarici İşlər Nazirliyinə və hökumətin hüquqşünas qruplarına BMT-nin Dəniz Hüququ Konvensiyasının VII Əlavəsində nəzərdə tutulmuş arbitraj proseduruna başlamağı tapşırıb. Sentyabrın 3-də Miley xalqa müraciətində Malvin adalarında neft çıxaran şirkətlərə qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edəcəyini açıqlamışdı. Buna səbəb Böyük Britaniyanın "Rockhopper Exploration" və İsrailin "Navitas Petroleum" şirkətləri tərəfindən "Sea Lion" neft yataqlarının işlənməsi layihəsinin tezliklə başlaması olub. Daha sonra Argentina hökuməti mübahisəli ərazidə karbohidrogen hasilatı ilə bağlı 60 hüquqi və fiziki şəxsə qarşı sanksiya tətbiq etmək qərarını elan edib.
Mənbə
oxu.az