Dünya
Macarıstanın baş nazirinin toxunulmazlığı ləğv edildi - ŞOK OĞURLUQ İTTİHAMI
Macarıstan parlamenti mobil telefon oğurluğunda təqsirləndirilən baş nazir Peter Madyarı toxunulmazlıq hüququndan məhrum edib. Oxu.Az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə müvafiq qərar qəbul olunub. Verilən məlumata əsasən, deputatlar prokurorluq orqanının baş nazirin cinayət məsuliyyətinə cəlb olunması barədə müraciətini səs çoxluğu ilə qəbul ediblər və bununla da ona qarşı cinayət işinin açılmasına yol açılıb. Qeyd olunur ki, 139 millət vəkili bu qərarı dəstəkləyib, əleyhinə səs verən və ya bitərəf qalan müşahidə edilməyib. Prokurorluğun vəsatətinə həm hakim "Tisa", həm də ifrat mühafizəkar Bizim vətən partiyalarının nümayəndələri tərəfindən dəstək verilib. Müxalif cəbhədə yer alan "FİDES - Macarıstan Mülki İttifaqı" və xristian demokratlar qruplaşması isə Viktor Orban kabinetində keçmiş nazir kimi fəaliyyət göstərmiş iki deputatın toxunulmazlığının götürülməsinə etiraz məqsədilə sözügedən iclasa və səsverməyə qatılmayıblar. P.Madyar həm hökumətə rəhbərlik edir, həm də sədrlik etdiyi "Tisa" partiyasının parlamentdəki yerlərin üçdə ikisindən çoxunu tutduğu qanunverici orqanın təmsilçisidir. Hökumət başçısı gizlədəcək heç nəyinin olmadığını və istintaq prosesinə kömək edəcəyini bildirərək, toxunulmazlıq hüququnun ləğvini şəxsən tələb edib. Xatırladaq ki, 2024-cü ilin iyununda Madyar bir gecə klubunda onu kameraya çəkən vətəndaşın telefonunu zorla alaraq Dunay çayına tullayıb. Baş nazir bu hadisəni əvvəlki iqtidarın ona qarşı yönəlmiş təxribat cəhdi kimi qiymətləndirir.
Mənbə
oxu.az