Digər

"Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə

28 Sep 2026, 12:00 2 baxış
"Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə
Bəzən bir insanın ömrü 18 ilə sığır, amma xatirəsi bir ailənin, bir elin, bütöv bir xalqın yaddaşında illərlə yaşayır. Elmir Orucovun həyat hekayəsi də belədir. O, valideynlərinə "narahat olmayın, mən arxa cəbhədəyəm" deyirdi. Halbuki ailəsinin bilmədiyi bir həqiqət vardı: Elmir döyüşlərin mərkəzində, ön cəbhədə idi. Ana isə oğlunun səsini eşitdiyi son günlərdə onun üçün narahat olur, yuxularında görür, xəbərini almaq üçün xəstəxanaları gəzirdi. Sonra bir telefon zəngi hər şeyi dəyişdi... Elmirin və onun kimi minlərlə qəhrəmanımızın canı, qanı bahasına qürur tariximiz olan 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı Zəfəri ilə başa çatdı. Bu Qələbənin hər məqamında Vətən uğrunda döyüşən oğullarımızın izi, hər anında adları var. Elmir Orucov da ömrünün ən gənc çağında böyük Zəfərə öz payını verən qəhrəmanlardan biridir. Bəs Elmir necə insan idi, hansı arzuları vardı, döyüş yoldaşları onu necə xatırlayır? Oxu.Az-ın əməkdaşı şəhid Elmir Orucovun həyatını, döyüş yolunu və ailəsinin təəssüratlarını öyrənmək üçün onun valideynləri Aygün və Elyar Orucovlarla söhbətləşib.
- Əvvəla, dəvətimizi qəbul etdiyiniz üçün təşəkkür edirəm. Başa düşürəm, sizin üçün danışmaq çətindir, amma şəhidimizin xatirəsini yaşatmaq üçün bu müsahibəni alırıq. Həmin günləri necə xatırlayırsınız? Elmir Orucovun anası Aygün Orucova: - Biz sentyabr ayında Elmirin yanına getmək istədik. O, bizə zəng edib dedi ki, gəlməyin. Mən də soruşdum ki, niyə gəlməyək? Dedi ki, mən özüm atama, anama sürpriz edəcəyəm. Hətta əmisioğluna da demişdi ki, özüm gedib ata-anamı sevindirəcəyəm. Ona görə bizi yanına getməyə qoymadı. İndi fikirləşirəm ki, kaş gedəydik... Bəlkə də ana ürəyim nəyisə hiss edirdi. Amma bizi özündən uzaq saxladı ki, qayıdanda sürpriz etsin.
Sentyabrın 27-si, müharibənin başladığı gün Elmir bizimlə əlaqə saxlamadı. Təxminən 10 gün ondan məlumat ala bilmədik. Çox narahat olduq, fikirləşdik ki, görəsən, Elmirdən niyə xəbər yoxdur? O günlər mənim üçün çox ağır keçirdi. Ana üçün övladından xəbər ala bilməmək çox çətindir. Sonra atası zəng etdi və bizi Elmirlə danışdırdılar. Müharibə gedən vaxt da Elmir heç vaxt demirdi ki, ön cəbhədəyəm. Zəng edəndə deyirdi ki, arxa cəbhədəyəm, yaxşıyam, narahat olmayın. İndi o sözləri xatırlayanda ürəyim ağrıyır.
Sən demə, Elmir ön cəbhədəymiş. Müharibədə döyüşlərin içindəymiş. Biz bunu Elmir şəhid olanda bildik ki, o, müharibədə aktiv iştirak edib. Bir ana kimi heç təsəvvür etməzdim ki, mənə "narahat olma" deyib səsini eşitdiyim balam döyüşürmüş. - Övladınızla sonuncu dəfə nə vaxt əlaqə saxlamısınız? - Oktyabrın 30-da telefon əlaqəmiz oldu. Xeyli danışdı, həm atası, həm də mənimlə. Sanki o danışıq bu gün də qulağımda qalıb. Dedim ki, ay Elmir, qurban olum, ehtiyatlı ol. Cavab verdi ki, məndən narahat olmayın, hər şey yaxşıdır. Mən anayam, əlbəttə ki, narahat olurdum. Amma onun səsinə inanıb özümü sakitləşdirməyə çalışırdım.
Müharibə dövründə üç gün ardıcıl yuxuma girdi. Oyanıb atasına dedim ki, Elmirdən narahatam, yuxuma girib. Ürəyimə nəsə dammışdı. Sonra oğlumdan ümumiyyətlə xəbər kəsildi. Atası əmisi ilə birlikdə Füzuliyə getdi, hər yerdə Elmiri axtardılar. Mən isə burada xəstəxanalara, yaralıların olduğu yerlərə gedirdim. Ana ürəyi heç nəyi qəbul etmək istəmir. Hər yerə gedirdim ki, bəlkə bir yerdən xəbər çıxar, onu taparıq. Sonra biz Müdafiə Nazirliyinə getdik. Orada mənə dedilər ki, DNT analizi ver. DNT analizi verməyimi istəyəndə artıq bir valideyn kimi nə hiss etdiyimi sözlə ifadə etmək çətindir. Bir anda insanın ağlına min fikir gəlir. Ana olaraq yenə də özünü inandırmaq istəyirsən ki, yox, mənim balam sağdır, mütləq tapılacaq. - Elmirlə bağlı yoldaşları sizə nə dedilər, hansı istiqamətlərdə döyüşüb? - Elmir 6 noyabr 2020-ci ildə şəhid olub. Xocavənd, Qırmızı Bazar istiqamətində döyüşüb. Onun komandiri də daxil olmaqla, bir batalyonun üzvləri həmin döyüşlərdə şəhid olublar. Bizə deyirdilər ki, üzbəüz döyüş olub. O vaxta qədər biz Elmirin ön cəbhədə olduğunu bilmirdik. Harada, necə döyüşdüyünü də sonradan öyrəndik.
- Bəs xəbəri nə vaxt aldınız? - Noyabrın 17-də səhər yenidən hazırlaşırdım ki, Ağcabədiyə gedim. Elə həmin vaxt bizə zəng gəldi. Xalam oğlu Ağcabədidə idi. Ondan soruşublar ki, Elmir Orucov sənin nəyindir? O da deyib ki, bacım oğludur. Xalam oğlu gedib Elmirin nəşini gətirmişdi. Onlar bilmirdilər ki, biz artıq Bakıda yaşayırıq. Elmiri hazırlayıb, yuyub tabuta qoymuşdular və Ağstafaya aparmaq istəyirdilər. Mən bunu danışanda belə həmin anlar gözümün qarşısına gəlir. İnsanın övladını tabutda qarşılamağı çox ağırdır. Noyabrın 17-də tabutu gətirdilər. Noyabrın 19-da Binədə Şəhidlər Xiyabanında dəfn etdik. O gündən evimizdə hər şey dəyişdi. Elmir yoxdur, amma adı, səsi, xatirəsi hər yerdədir.
- Övladınızın uşaqlıq illərindən danışa bilərsiniz? Xarakteri necə idi? - Elmir, ümumiyyətlə, çox ağıllı, mərifətli, tərbiyəli uşaq idi. Əslində, biz Elmirə xüsusi rejimdə tərbiyə verməmişdik, onun tərbiyəsi özündən idi. 18 yaşına qədər bizi zərrə qədər də incitməyib. Heç vaxt onunla bağlı "kaş belə etməzdi" deyəcəyimiz bir şey olmayıb. Bizim üçün necə gözəl övlad idisə, elə də qaldı yaddaşımızda. - Ən böyük arzusu nə idi? - Bərbər olmaq istəyirdi. Elmir ilk dəfə atasının saçını kəsmişdi. Daha sonra qardaşının və əmisinin də saçını kəsdi. O, hərbi xidmətdə olanda biz həyətimizdə onun üçün bir yer düzəltdik. Bərbərlik üçün lazım olan hər şeyi aldıq - qayçısı, maşınkası və digər ləvazimatları vardı. İstəyirdik ki, qayıtsın, öz işi olsun, arzusu həyata keçsin.
Hərbi xidmətdə olanda bir dəfə ona zəng edəndə soruşdu ki, nə edirsiniz, nə iş görürsünüz? Nə etdiyimizi demədik. Çünki ona sürpriz hazırlamışdıq, məzuniyyətə gələndə göstərmək istəyirdik. Amma pandemiyaya görə Elmir evə gəlmədi. 11 ay hərbi xidmət keçdi və bu müddətdə cəmi bir dəfə onu görə bildik. Bir dəfə onun yanına getmişdik, o da andiçmədə. Biz ona sürpriz hazırlayırdıq, o da bizə "sürpriz" etdi. Amma onun "sürprizi" bizim üçün ömür boyu unudulmayacaq bir dərd oldu. Biz onun qayıdacağı günü gözləyirdik. Allah heç bir evə övlad acısı verməsin.
Elmirin istədiyi bir qız da var idi. Əsgər gedəndə deyirdi ki, qayıdanda onunla ailə qurmaq istəyir. Qız gəncəli idi, Elmir onun üçün Gəncəyə gedirdi. Mən bilirdim, atası bilmirdi. Elmir mənə deyirdi ki, atam bilməsin. Həmişə belə deyirdi: "Mama, görərsən, qayıdanda sənə necə gəlin gətirəcəyəm". Mən də deyirdim ki, ay Elmir, qismət, inşallah. Təəssüf ki, qisməti belə olmadı... Bu yerdə Elmir Orucovun atası Elyar Orucov söhbətə qoşulur və ona sualımızı ünvanlayırıq: - Bəs atası kimi siz nə deyə bilərsiniz? - Çox gözəl övlad olub. Heç vaxt "yox" deməyib. Əlindən gələn və gəlməyən işlərdə belə bizi narazı salmayıb. Həmişə sözümü eşidib, başımızı uca edib Elmir. Mən ata kimi onunla fəxr etmişəm. İndi də fəxr edirəm. Doqquzuncu sinfi bitirdikdən sonra bərbərlik kursuna gedirdi. Oranı bitirdikdən sonra restoranda ofisiant işləyirdi. Heç biz ona demirdik ki, get, işlə. Özü işləmək istəyirdi. Dekabrın 22-də Elmir üçün yığıncaq etdik. Əsgər gedəcəkdi. O özü işləyib pul yığmışdı, bizə də pul verdi ki, evə dəstək olsun. Yaşı az idi, amma ailəni, evi düşünürdü.
İndi Elmir tək bizim yox, bütün Azərbaycanın başını uca edib. Bütün şəhidlərimiz kimi... Allah bütün şəhidlərimizə rəhmət eləsin. Küçəmizə Elmirin adı verilib, işıqlar çəkilib, abadlıq işləri görülüb. Burada həyata keçirilən işlərdə Elmirin də adı yaşayır. Mən bu küçədən keçəndə onun adını görəndə həm qürurlanıram, həm də kövrəlirəm. Çünki bu ad bizim üçün sadəcə küçə adı deyil, oğlumuzun adıdır.
Elmirin ölümündən sonra bir övladımız da dünyaya gəldi. 2023-cü il fevralın 15-də doğulub və şəhidimizin adını daşıyır. Onun bir qardaşı da var - Elvin. Hazırda hərbi xidmətdədir, Qəbələdə Daxili Qoşunlarda xidmət edir. Allah bütün əsgərlərimizi qorusun. - Bildiyim qədərilə Elmir sizə son dəfə məktub yazıb. - Bəli, həmin məktubu yazıldığı kimi oxuyuram: "Salam, anam, atam, qardaşım. Sizi çox sevirəm. Məndən narahat olmayın. Xidmət müddətimin çoxu gedib. Bilirəm, məni görmək istəyirsiniz. Məndən ötrü çox darıxmısınız. Mən də sizin üçün çox darıxmışam. Hamıya salam deyin - dostlarıma, qardaşlarıma. Özünüzdən muğayat olun. Sizi çox sevirəm, bağrıma basıram. Bu məktubu bir xatirə kimi evdə saxlayarsınız…"
Xatırladaq ki, Elmir Elyar oğlu Orucov 4 yanvar 2002-ci ildə Ağstafa rayonunun Poylu kəndində anadan olub. 2009-2014-cü illərdə 73 nömrəli Böyükşor qəsəbə tam orta məktəbində, 2014-2018-ci illərdə isə 136 nömrəli Binə qəsəbə tam orta məktəbində təhsil alıb. O, 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. Vətən müharibəsi zamanı Xocavənd istiqamətində, o cümlədən Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə iştirak edib. 6 noyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində gedən döyüşlərdə şəhid olub.
Elmir Orucov 19 noyabr 2020-ci ildə Binə Şəhidlər Xiyabanında dəfn edilib. Şəhid Elmir Orucov ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə iştirakına görə "Vətən uğrunda", Xocavəndin azadlığı uğrunda döyüşlərdə göstərdiyi şəxsi igidlik və şücaətə görə isə "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
{{gallery}}
"Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə "Dedi, görərsən, sənə necə gəlin gətirəcəyəm" – Şəhid anasından ürəkdağlayan xatirə
Mənbə oxu.az

Oxşar Xəbərlər