Dünya
Nəsli kəsilmiş mamontlar geri qayıdır? - Alimlərdən yeni AÇIQLAMA
Min illər əvvəl nəsli kəsilmiş yunlu mamontun dirildilməsi üzrə ABŞ-nin "Colossal Biosciences" şirkətinin layihəsi gözləniləndən daha mürəkkəb olub. İlk mamontabənzər heyvanların 2030-cu illərin əvvəllərində doğulacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb. Şirkət Sibirdə əbədi donuşluqdan tapılan mamont qalıqlarından əldə edilmiş DNT və gen redaktəsi texnologiyasından istifadə edir. Alimlər mamontun tam surətini yaratmağın mümkün olmadığını bildirirlər. Bunun əvəzinə soyuğa davamlı, yunla örtülü və mamonta xas xüsusiyyətlərə malik Asiya fili yaratmağa çalışırlar. Əvvəllər bunun üçün fil hüceyrələrində təxminən 60 genin dəyişdirilməsinin kifayət edəcəyi düşünülürdü. Son araşdırmalar isə 150-dən çox genin dəyişdirilməsinin lazım olduğunu göstərib. Süni intellekt alimlərə genetik məlumatları təhlil etməyə və mamonta xas xüsusiyyətlərin formalaşmasına təsir edən DNT dəyişikliklərini müəyyənləşdirməyə kömək edir. Şirkət artıq mamontun sıx yunla bağlı genetik kodundan istifadə etməklə 38 yunlu siçan əldə edib. Bununla belə, alimlərin mamontu həqiqətən dirildə biləcəyinə zəmanət yoxdur. Yaradılacaq heyvanların təbii mühitdə yaşaya bilib-bilməyəcəyi də hələ məlum deyil. "Colossal Biosciences" analoji texnologiyalardan dodo, Tasmaniya pələngi və moa kimi nəsli kəsilmiş növlərin bərpası layihələrində də istifadə edir.
Mənbə
oxu.az