Cəmiyyət
Boşananlar cərimələnsinlər!
Kubra Məhərrəmova yazır... Son illər cəmiyyətin diqqət mərkəzində olan mövzulardan biri də nikah və boşanma statistikasıdır. Rəqəmlər qorxuducu olsa da, bu mövzunun arxasında insan münasibətləri və emosiyalar durduğu üçün qəti fikir söyləmək çətindir. Təsəvvür edin ki, dünyada hər saatda min cütlük boşanır. Bu hələ rəsmi qaydada nikaha girənlərdir, qeyri-rəsmilər barədə isə, təəssüf ki, statistika yoxdur. Azərbaycanda da cari ilin yanvar-iyul aylarında 22 130 nikah və 11 678 boşanma halı qeydə alınıb. Yəni qeydə alınan nikahların yarısı qədər boşanma olub. Bu, pisdir, yoxsa yaxşı? Bu barədə fikir söyləmək bizə düşməz. Çünki dahi Tolstoyun dediyi kimi: "Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, hər bir bədbəxt ailə isə özünəməxsus şəkildə bədbəxtdir" (rusca: "Все счастливые семьи похожи друг на друга, каждая несчастливая семья несчастлива по-своему"). Bədbəxtlik isə elə xəstəlikdir ki, onun müalicəsi yoxdur, onu yalnız kəsib atmaq mümkündür. Amma və lakin bu rəqəmlər və boşanma sayının çoxalması fonunda cəmiyyətimiz yeni sosial sifariş verir! Bəli, bəli, sifariş isə ondan ibarətdir ki, boşanmalar bu qədər asan olmamalıdır, boşanma şərtləri və məhkəmə prosesləri sərtləşdirilməlidir, lazım gəlsə, cərimə də kəsilməlidir - təki boşanma olmasın! Axı ailə müqəddəsdir. Həm də proses o qədər qəliz olmalıdır ki, adamlar get-gəldən bezib "əşşi, cəhənnəmə" desinlər və bir yerdə yaşamağa məcbur qalsınlar. Üstü bəzək, altı təzək... Təbii ki, cəmiyyətin hər bir üzvü kimi mən də ailələrin möhkəm, sevgi və hörmət üzərində qurulub davam etməsini dəstəkləyirəm. Yaxşı, bəs ailədə psixoloji və fiziki təcavüzə məruz qalanlar nə etsinlər? Yəni bizim cəmiyyətin fikrincə, bir qadın və ya bir kişi bütün bunları neçə müddət yaşamalıdır ki, hər şey "ok" olsun? Beş il, yoxsa 10 il? Sosial şəbəkələrdə müəyyən qruplar var ki, orada qadınlar gizli adlar altında ailədə yaşadığı zorakılıq və xəyanətlərdən yazırlar. Orada uşaq yaşlarında yaxınları və qohumları tərəfindən cinsi təcavüzə məruz qalanlardan tutmuş, ərə gedəndən sonra əri, qayınatası və ya qayını tərəfindən istismara məruz qalanlara qədər hər növ hekayə var. Ərləri tərəfindən döyülən, işləməyən, günlərlə ac qalan qadınlar, arvadını cəzalandırmaq üçün uşaqları da ac qoyan ərlər haqqında xeyli povestlər də mövcuddur. Ərinə yaxınlıq verməyən qadınların fiziki zorakılığa məruz qalması barədə də xeyli məlumat var. Sadəcə, bu qadınlar bir sıra səbəblərə görə susub bu həyatı yaşamağa özlərini məcbur edirlər. İndi deyəcəksiniz ki, iftiradır, şər-böhtandır! Özümüzdən yazan kimi bizi "xalq düşməni" elan edəcəklər. Amma nə edək, olanımız budur, heç olmasa yaddaşları təzələyək. 2021-ci il, Balakən rayonunun Şambul kəndi: 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib - red.) təcavüz edir. Qayınata gəlinin evdə tək olmasından istifadə edərək dəfələrlə onu döyüb və zorla cinsi əlaqədə olub. Nəhayət, gəlinin şikayəti əsasında Teymur həbs olunub. Daha bir oxşar hadisə. Göyçayda qayınata övladının sonsuzluğunun gizlədilməsi üçün gəlinini zorlayır. Belə ki, İbrahimovlar ailəsinə gəlin gələn G.İ. ərinin sonsuz olması səbəbindən beş il hamilə qala bilmir. Oğlanın atası Rauf İbrahimov gəlini ölümlə hədələyərək sonsuzluq sirrini açmamağı və oğlunun el içində biabır olmamasını tələb edərək onu bir neçə dəfə zorlayır. Gəlin bu dözülməz vəziyyətə görə dəfələrlə özünə qəsd etməyə cəhd göstərir. İşin ən dəhşətli tərəfi odur ki, qayınana da hadisədən xəbərdar olur, lakin ailənin "adını qorumaq" üçün cinayəti gizlədərək gəlinin susmasına və əsarətdə qalmasına şərait yaradır. Bu sirri açacağını deyən gəlindən qorxan qayınata onu psixologiyasında ciddi problemləri olması adı ilə avqustun 29-da atasının evinə göndərir. Məncə, bir köşə yazısı üçün iki belə hadisə bəsdir. Bunları ona görə qeyd edirəm ki, bunlar hələ ölməyən, sağ qalan və prosesi məhkəməyə çıxaran adamların hekayələridir. Bir də təsəvvür edin ki, neçə-neçə gizli qalan hekayələr var. Cəmiyyət isə deyir ki, bütün ailələr "müqəddəsdir", boşanan qadın alimentə görə boşanır, pozğun həyat sürmək üçün boşanır və məhz qadınlara görə əxlaqsızlıq baş alıb gedir. Maraqlıdır ki, cəmiyyətin əxlaqsızlıq hesab etdiyi prosesdə qadın tək iştirak edir? O prosesdə kiminsə atası, qardaşı, əri, oğlu iştirak edir axı. O zaman niyə bütün günah qadının üstünə atılır? Əgər həqiqətən də boşanma şərtləri sərtləşdirilsə, o zaman nələrə hazır olmalıyıq? İlk növbədə, rəsmi nikahların sayı daha da aşağı düşəcək. Çünki ağlı başında olan, riskləri gözə ala bilən insan düşünəcək ki, sabah boşanmaq istəsəm, çox ağır bir prosesdən keçməli olacağam, onda niyə rəsmi nikaha girim? Dini kəbinlə toy edib yaşayacağam. İkincisi, ailədə zorakılığa məruz qalanların hüququ necə qorunacaq? Həm qadın, həm kişi bundan necə qurtulacaq? Məsələn, əgər bir qadın xəyanət edirsə və kişi onunla boşanmaq istəyirsə, bu məsələ necə tənzimlənəcək? Ailə "müqəddəsdir" deyilib xəyanətə uğrayan həmin kişi məcburi şəkildə o qadınla bir evdə yaşamalı olacaq? Faktiki olaraq münaqişəli nikahların uzanması ilə üz-üzə qalacağıq. Bunlardan çıxış etsək, ailədə uşaqlar varsa, o zaman uşaqların psixoloji yükü, sarsıntıları və digər problemlər artacaq. Valideynlərin gündə üç dəfə konflikt içində olduğu ailədə uşağın halını təsəvvür etmək çətin deyil. Buradan növbəti nəticə çıxır: onsuz da son illər Azərbaycanda yeni doğulan uşaqların sayında əməlli-başlı geriləmə var. Boşanma prosesinin sərtləşəcəyi təqdirdə evlənən cütlüklərin övlad sahibi olması da sual altına düşəcək. Növbəti məsələ - rəsmi nikahda olan, amma bir yerdə yaşamayan (məhkəmə prosesi çətin olduğu üçün boşanması uzanan) insanların yeni münasibətlər qurmasında və ailə həyatı başlamasında yaranacaq maneələrdir. Bu da birbaşa insan hüquq və azadlıqlarının pozulmasıdır. İqtisadi problemlər: ayrı yaşayan, lakin hüquqi olaraq hələ nikahda olan şəxslərin mənzil, kredit, əmlak bölgüsü, aliment və digər maliyyə məsələləri həll olunmamış qalacaq. İnsanlar boşana bilmədikləri üçün evlərini satıb ayrı yaşaya bilməyəcəklər. Və nəhayət, bütün bu prosesləri tənzimləməyə çalışan məhkəmə və sosial xidmətlərə əlavə yük düşəcək. Boşanma proseduru uzandıqca məhkəmə, mediasiya və digər hüquqi mexanizmlərə müraciətlərin sayı artacaq ki, bu da mənasız maliyyə və zaman itkisinə gətirib çıxaracaq. Yəni dediyim odur ki, boşanmaları çətinləşdirmək çıxış yolu deyil. Qanunvericiliyi qəlizləşdirməklə boşanmaq istəyən insanı dayandıra bilməyəcəyik, sadəcə, onu qeyri-qanuni yollara, dini nikahlara, rəsmi olmayan münasibətlərə və daha böyük iqtisadi-psixoloji böhranlara sürükləyəcəyik. Dövlətin və cəmiyyətin vəzifəsi boşanmağı çətinləşdirmək yox, evlilikdən əvvəlki maarifləndirməni, sosial dəstək mexanizmlərini və ailədaxili zorakılığa qarşı mübarizəni gücləndirmək olmalıdır. Çünki problem boşanma prosesinin asanlığında deyil, evliliklərin hansı təməllər üzərində qurulmasındadır. Bir də millət bir-birinin şəxsi həyatına burnunu soxmasa - oy, üzr istəyirəm, müdaxilə etməsə - boşanmalar da azalar, gənclər də dil tapıb yola gedərlər. Ailələr də heç olmasa hüzurlu olar. Xoşbəxt olmağa isə bir cəmiyyət olaraq hələ çox var, heç olmasa hüzurdan başlayaq. Yoxsa ki, "qadınlar 200 manat alimentə görə boşanır"... Ya səbr!
Mənbə
oxu.az